Orfoqrafiyamızdakı dolaşıqlığın səbəbi

Orfoqrafiyamızdakı dolaşıqlığın səbəbi

23-04-2018 14:32 / Bu xəbər 13221 dəfə oxundu

Nəsir Əhmədli

Hər bir ədəbi dilin orfoqrafiya qaydaları müəyyən prinsiplər əsasında hazırlanır. Bunlardan ən çox istifadə olunanlar fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplərdir. Fonetik prinsipə görə, sözlər deyildiyi kimi yazılmalıdır. 

Morfoloji prinsip tələb edir ki, sözün kökü və ona əlavə olunan leksik və qrammatik şəkilçilər heç bir dəyişikliyə uğramadan, deyilişindən, dialekt və şivə tələffüzündən asılı olmadan bütün dil daşıyıcılarının oxuyub anlaya biləcəkləri vahid formada yazılsın. Tarixi-ənənəvi prinsipin tərəfdarları iddia edirlər ki, söz, 50, 100, 150 il öncə necə yazılıbsa, bu gün də eləcə qalsın...

Bu prinsiplərin sıralanması müxtəlif dillərdə müxtəlif cürdür. Məsələn, rus dilinin orfoqrafiyasında birinci yerdə morfoloji, ingilis dilinin orfoqrafiyasında tarixi-ənənəvi prinsip durur. Azərbaycan dilçiləri isə ilk mövqeyə fonetik, sonrakı yerlərə morfoloji və tarixi-ənənəvi prinsipləri qoyurlar. Zənn edirəm ki, orfoqrafiya qaydalarımızdakı və lüğətlərimizdəki dolaşıqlığın çoxu da məhz buradan irəli gəlir. Elə ilk baxışdanca görünür ki, bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil edir. Məsələn, fonetik prinsip deyir ki, "fransız” sözü "fıransız” kimi yazılsın. Morfoloji prinsipə görə, bu söz yazıda heç bir dəyişikliyə uğramadan elə "fransız” kimi əks olunmalıdır. Tarixi-ənənəvi prinsipin tələbi belədir ki, bu söz XIX əsrdə, məsələn, M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan...” əsərində olduğu kimi, "firəng” formasında işlədilsin. Ziddiyyət göz önündədir.

Birinci nəticə: müasir ədəbi dilimizin orfoqrafiyası bütövlükdə, yaxyd, əsasən (yəni bəzi xırda istisnalar nəzərə alınmaqla) morfoloji prinsipə söykənməlidir. Belə istisnalara misal olaraq q~ğ, k~y əvəzlənmələrini göstərmək olar.

Orfoqrafiya qaydalarının hazırlanmasında fonetik prinsipi həlledici amil kimi qəbul etsək, onda gərək "q” ilə bitən qalın saitli milli sözlərimizin hamısını (bulaq, dayanacaq, qatıq və s.) [x] ilə, "k” ilə bitən incə saitli sözləri (ürək, ipək, çörək və s.) [xʹ] ilə, "q” ilə bitən alınma sözlərin isə çoxunu (filoloq,ittifaq, müstəntiq və s.) [kʹ] ilə yazaq. Başqa bir məsələ: fonetik prinsip əsas götürülürsə, onda nə üçün "əsgər” tipli sözlərin "k” ilə yazılmasını təklif edirik. 

Fonetik prinsipin təsiri ilə yazılı nitqimizdə formalaşmış başqa bir yanlışlığa diqqət yetirək: bəzi ikihecalı sözlərə (sinif, oğul, fikir, şəkil və s.) saitlə başlanan şəkilçi artıranda ikinci hecadakı sait; saitlə bitən bir sözə (Əli, Ağa, Mirzə...) saitlə başlanan başqa söz bitişdirib mürəkkəb söz əmələ gətirəndə isə birinci sözün son saiti düşür. Əlbəttə, səsdüşümü (eliziya) şifahi ədəbi dilimizə xas olan təbii hadisədir, amma təbii olmayan odur ki, digər fonetik hadisələr yalnız danışığa şamil edildiyi halda, nədənsə, səsdüşümü yazılı nitqə də aid edilir və müəyyən məntiqsizlik yaranır. Məsələn, "dərinlik” sözü assimilyasiya nəticəsində «dərinnixʹ» kimi deyilsə də. yazıda ilkin formasını (dərinlik) saxlayır, lakin heç bir elmi əsası olmayan qaydaya görə səsdüşümü orfoepiya predmeti olmaqdan çıxıb orfoqrafiyanın idarəedicisinə çevirilir: sinif-sinfin, sətir - sətrə və s.

Hesab edirik ki, sözlər yazılarkən onların kökləri (leksik məna bildirən hissələri) təhrif olunmamalı, ilkin - lüğəvi formasını saxlamalıdır (Unutmayaq ki, Azərbaycan dili iltisaqi dildir və mümkün qədər fleksiyayadan uzaq olmalıdır). Gəlin oğlu, çevrə, sinfin, sətrə, orda, burda sözlərini kök və şəkilçiyə ayıraq: oğl+u, çevr+ə, sinf+in, sətr+ə, or+da, bur+da. Axı dilimizə aid lüğətlərin heç birində oğl, çevr, sinf, sətr, or, bur sözləri yoxdur və bunlar heç bir leksik məna bildirmir.

Səsdüşümünün yazıda əks olunması bəzən hətta sözün mənasının tam dəyişilməsi ilə nəticələnir. Misal üçün, xeyir sözünə yönlük hal şəkilçisi artırıb yazırıq: Gecəniz xeyrə qalsın. Beləliklə, müsbət mənalı xeyir sözü yox anlamına gələn xeyr kəlməsinə çevirilir və xoş söz demək istədiyimiz əziz adama yoxluq arzulayırıq.

Mürəkkəb sözlər şəkilində olan adlarla bağlı lap gülünc vəziyyət yaranıb: "Əli"ni "əl"ə (Əli + ağa = Əlağa), "Vəli"ni "vəl"ə (Vəli + ağa = Vəlağa), "Ağa"nı "ağ"a (Ağa + Əli = Ağəli) çeviririk. Məlumdur ki, ərəb dilində əkbər - böyük, övsət - ortancıl, əskər - kiçik deməkdir. Bəzi valideynlər imam Əliyə (598-661) hörmət əlaməti olaraq böyük oğullarına Əliəkbər (böyük Əli), ortancıl oğullarına Əliövsət (ortancıl Əli), kiçik oğullarına isə Əliəsgər (kiçik Əli) adı qoyurlar, orfoqrafiyamız isə fonetik prinsipə əsaslanaraq böyük Əlini "böyük əl" (Ələkbər), ortancıl Əlini "ortancıl əl" (Əlövsət), kiçik Əlini isə "kiçik əl" (Ələsgər) formasına salır və beləliklə, həmin adlar öz müqəddəsliyini, ilkin təyinatını itirir.

Nəsirəddin dinə kömək edən deməkdir. Birinci i ixtisara düşəndə isə (Nəsrəddin) dinin nəsri kimi anlaşılır. Bu cür nümunələr bitib-tükənməz qədərdir. 
Bütün dünyanı zəbt etmiş ingilis dili oxunuşuna görə ən çətin dillərdən biridir. Hətta köklü ingilislər və amerikalılar da bir sıra sözləri və mətnləri oxumaqda çətinlik çəkirlər. Təsəvvür edin ki, mədən fəhlələrinin peşə xəstəliyi olan silikoz xəstəliyinin adını bildirən söz ingilis dilində 45 hərfdən ibarətdir: pneumonoultramicroscopicsilicovolcanoconiosis. Yaxud: tərkibində ough hərf birləşməsi olan sözlər 6 müxtəlif üsulla oxuna bilər. Bu sözlərin oxunuşunu müqayisə edin: though (hər halda), tough (çətin), enough (yetərli), through (vasitəsilə, içindən keçərək, ucbatından; əvvəldən axıradək; birbaşa), plough (kotan; şum; qartəmizləyən), cough (öskürək) və hiccough (hıçqırmaq). 

İngiltərədə və Amerikada ingilis əlifbasının və orfoqrafiya qaydalarının sadələşdirilməsi ilə bağlı zaman-zaman müraciətlər olsa da, həmin qaydalar min ildən bəri dəyişməz qalıb (Bu sahədə ilk və son əsaslı islahat XI əsrdə, normandiyalılar İngiltərəni işğal edəndən sonra aparılıb). İngilis dilində danışıqla yazı arasındakı fərq o qədər böyükdür ki, ingilislər zarafatla deyirlər: "Biz beləyik – Mançester yazırıq, Liverpul oxuyuruq”. 

Britaniyanın (İrlandiya və İngiltərənin) böyük yazıçısı, Nobel mükafatı laureatı Corc Bernard Şou (1856-1950) ömrü boyu ingilis əlifbasında və orfoqrafiyasında islahatlar keçirilməsi uğrunda mübarizə aparmış (Amerikalı dilçi alim, professor U.K.Taunsend B.Şounu M.F.Axundzadə ilə müqayisə etmişdir), lakin heç nəyə nail ola bilməmişdir. Axırda hirslənərək demişdir: "Mən bundan sonra fish (balıq) sözünü ghoti (Bu sözün heç bir mənası yoxdur – N.Ə.) kimi yazıb fish kimi oxuyacağam. Belə ki, enough sözündəki gh f kimi, women sözündəki o i kimi, nation sözündə ti sh kimi oxunur. Beləliklə, ghoti fish deməkdir”. Bununla belə, öz tarixi köklərinə qırılmaz tellərlə bağlı olan ingilislər heç bir islahata hazırlaşmırlar. Biz azərbaycanlılar isə son 100 ildə bir neçə dəfə əlifba, bir neçə dəfə də orfoqrafiya qaydaları dəyişmişik və bu poses hələ də davam edir.

İkinci nəticə: ədəbi dilin orfoqrafiya qaydaları müvafiq prinsip əsasında son dərəcə mükəmməl hazırlanmalı, uzun müddət dəyişməməlidir. Orfoqrafiya lüğəti isə vaxtaşırı (Dövlət dili haqqında qanuna əsasən, 5 ildənbir) çox azacıq əlavə və dəyişikliklərlə yenidən nəşr edilməlidir. 

Fonetik prinsipə gəlincə, ondan orfoqrafiya yox, adından da göründüyü kimi, ədəbi dilin orfoepiya qaydalarının hazırlanmasında istifadə edilməlidir.