Parlamentin boş qalan yerlərinə seçki niyə keçirilmir?

Parlamentin boş qalan yerlərinə seçki niyə keçirilmir?

13-09-2018 15:07 / Bu xəbər 2178 dəfə oxundu

Hafiz Həsənov: ''Deputat mandatının boş qalmasından sonra 1 ay müddətində əlavə seçkilər keçirilməliydi''

11 aprel növbədənkənar prezident seçkilərinin ardından Nazirlər Kabinetində bəzi dəyişikliklər oldu.

23 aprel 2018-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Milli Məclisin deputatlarından Fuad Muradov (Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri), Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri), Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi), Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri) yeni hökumət kabinetində müxtəlif postlar tutdular.

Aprelin 15-də isə YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev vəfat etdi.

Müvafiq qanunvericiliyə görə, deputat dövlət orqanlarında vəzifə tutduqda və ya səlahiyyətlərini yerinə yetirə bilməyəndə onun mandatı ləğv edilir.

Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat dövlət orqanlarında vəzifə tutduqda onun mandatı rəsmi məlumat daxil olduqdan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən 120 gün müddətində ləğv edilməli və növbəti 1 ay ərzində Prezident tərəfindən boş qalan yerlərə əlavə seçkilər təyin olunmalıdır. Amma deputatların hökumət kabinetində vəzifə tutmasından və Astan Şahverdiyevin vəfatından 4 aydan artıq müddət keçməsinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası onların mandatlarını ləğv etməyib.

Nazirlər Kabinetinə təyin olunan deputatların mandatları ləğv edilmədiyinə görə, hal-hazırda həmin şəxslər eyni zamanda həm millət vəkilləri, həm də nazir (və ya komitə sədri) üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə edirlər.

2017-ci ilin fevral ayında 14 saylı ikinci Xəzər Seçki Dairəsinin deputatı Mehriban Əliyevanın ölkə idarəetməsində yeni yaradılmış Birinci vitse-
prezident təyin olunmasından sonra MSK onun mandatını ləğv etsə də, 1 ildən çoxdur ki, həmin dairəyə də əlavə seçkilər təyin olunmur.

Deputat mandatlarının ləğv olunmaması və əlavə seçkilərin təyin olunmaması növbədənkənar parlament seçkiləri məsələsini yenidən aktual edir. Bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi müzakirə edilsə də, hakim partiyanın deputatlarından Aydın Mirzəzadə, Siyavuş Novruzov, həmçinin Zahid Oruc belə bir məsələnin gündəmdə olmadığını dedilər.

Ümumiyyətlə, ölkə qanunvericiliyində növbədəkənar parlament seçkiləri üçün konkret şərtlər nəzərdə tutulub. Konstitusiyada göstərilir ki, Milli Məclis bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə öz vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır.

Göründüyü kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hüquqi əsaslar məhduddur. Buna baxmayaraq, siyasi dairələr tərəfindən erkən seçkilər üçün süni şəkildə hüquqi və siyasi zəminin yaradılması istisna edilmir.

"Hüquq və İnkişaf” təşkilatının sədri Hafiz Həsənov Meydan TV-yə danışarkən Seçki Məcəlləsinə istinad edərək deyib ki, boş yerlərə seçkilər indiyə qədər keçirilməliydi. Onun sözlərinə görə, Konstitusiyada deputatın mandatdan məhrum edilməsi əsasları yer alıb. Sənədə görə deputat dövlət orqanlarında vəzifə tutduqda, mandatdan məhrum edilməlidir və bu, deputat səlahiyyətinin itirilməsidir. Burada deputatın ölümü də nəzərdə tutulur:

"Sadaladıqlarıma müvafiq olaraq Seçki Məcəlləsinin 176.3 maddəsində deputat mandatının itirilməsini nəzərdə tutan Konstitusiyanın 89 maddəsinə istinad olunur. Yəni 89-cu maddənin dördüncü bəndi məhz dövlət orqanlarında vəzifə tutduqda, kommersiya ilə məşğul olduqda deputat mandatına xitam verilir.
Deputat vəzifəyə təyin olunduqdan 2 ay müddətinə MSK deputatın mandatın ləğv etməli və həmin yer boş qalmış sayılır. Bu halda məcəllənin 76.4 nəzərdə tutur ki, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində əlavə seçkilər keçirilməliydi və seçkilərin vaxtı Prezident tərəfindən təyin olunur. Artıq MSK-nin qərarından xeyli müddət ötüb. Güman olunur ki, MSK qanunun tələblərinə uyğun olaraq Prezidentə məlumat verib, indiki halda seçkilərin vaxtı təyin edilməliydi”.

Hafiz Həsənov

Hafiz Həsənov bunun ilk belə hal olmadığını deyib:

"Azərbaycan təcrübəsində belə hallar olub. Yalnız növbəti seçkilərin vaxtına 6 ay qalarsa, əlavə seçkilər keçirilmir. İndiki Milli Məclisin səlahiyyət müddətinin bitməsinə xeyli vaxt var. Bu halda prezident seçkilərin vaxtını təyin etməli və qanuna uyğun olaraq 60 gün müddətində seçki kampaniyası aparılmalı, səsvermə və nəticələr elan olunmalıdır. Əgər qanunun tələbləri belədirsə, yaranmış situasiyaya normal yanaşmıram.

Çünki qanunun tələblərinə əməl olunmalı və Azərbaycan seçki praktikası üçün yaxşı olmayan hala son qoymalıdır. Konstitusiya və Seçki Məcəlləsindən irəli gələn tələblər prezidentin üzərindədir. Hesab edirənm ki, əlavə seçkilər indiyə qədər təyin olunmalı idi. Seçkilərlə bağlı belə bir prezidentin olması yaxşı hal deyil. Problem ondadır ki, yerli qanunvericilikdə vaxtın təyin edilməməsinə görə məsuliyyət nəzərdə tutulmur. Bəlkə də məsələnin uzanmamasına bu amil təsir edir. Bütün hallarda qanunun tələblərinə əməl edilməli və seçkilər keçirilməlidir”.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti Meydan TV-ə şərhində məsələni araşdırıb, reaksiya verəcəyini deyib.