"Qanunun tələbi konkretdir və yerinə yetirilməsi məcburidir" - Akif Qurbanov

23-02-2017 15:29 / Bu xəbər 1851 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov prezident İlham Əliyevin vitse-prezident təyinatı ilə bağlı geniş yazı ilə çıxış edib. 

Qurbanov feysbuk statusunda yazır ki, təyinatdan sonra yaxın qohumların birgə işləməsi "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa görə yolverilməzdir. 

Arqument.Az həmin yazını təqdim edir: 

Bizim çoxbilmişlik etdiyimizi iddia edən həmkarların nəzərinə!

1-ci vitse-prezident təyin olunarkən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna istinad edərək "Yaxın qohumların birgə işləməsinə yol verilməməsi”ni vurğulayan şəxslərdən biri də mən olmuşam. Amma bəzi həmkarlarımız deyir ki, guya biz çoxbilmişlik edib, Prezidentin səlahiyyətlərinin "Dövlət qulluğu haqqında" Qanunla deyil, Konstitusiya ilə müəyyən edildiyinin fərqinə varmamışıq. İstinadları da odur ki, Konstitusiyada Prezidentin qohumlarının onun tabeliyində işləməsinin qadağan edilməsi barədə norma yoxdur.

İndi izninizlə bizi "çoxbilmiş sayanların arqumentlərinin” əsassız olduğuna və siyasi maraq gözləntisindən doğan, adı huquqi, əslində isə subyektiv mülahizlərə (həm də qanunun tələblərini yanlış təfsir edən) söykənən fikirlərinə qanunun və beynəlxalq hüququn tələblərilə cavab verim:

A. Əvvəla onu deyim ki, kimsə bu məsələlərə "Dövlət qulluğu haqqında” Qanuna istinad edərək münasibət bildirmədi.

B. Əsas arqumentlər "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan doğur. Belə ki, həmin qanunda aydın olaraq göstərilir:

1. Bu qanun... dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir (Preambula).
2. Korrupsiya anlayışı vəzifəli şəxslə bağlıdır (Maddə1).
3. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri olaraq Konstitusiya və qanunlar ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər deyərkən nəinki prezident, hətta deputat, baş nazir (müavinləri), nazirlər (müavinləri), yerli icra hakimiyyəti başçıları və s. nəzərdə tutulur (Maddə 2.1.1).
Eyni zamanda subyekt olaraq nəinki prezident və deputat, hətta həmin seçkilər üzrə namizədliyi qeydə alınmış şəxslər də daxildir (Maddə 2.1.5).
Həmçinin həmin qanunun əhatə dairəsində inzibati vəzifə tutan dövlət qulluqçuları (alidən 5-ci kateqoriya dövlət qulluqçusuna qədər)(Maddə 2.1.3), bələdəiyyə orqanına seçilənlər(Maddə 2.1.6) və orada təşkilati-sərəncamverici funksiya daşıyanlar(Maddə 2.1.7) da var, hətta vəzifəli şəxslə əlaqədə olan hüquqi və fiziki şəxslər. 
4. Maddə 2.2-də Qanunun məqsədi üçün vəzifəli şəxsin kimliyi aydın təsnifatlaşdırılıb. 
5. Maddə 3-də göstərilir ki, bu qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.
6. Maddə 7-də "Yaxın qohumların birgə işləməsinə yol verilməməsi” konkret ifadə olunub və əsas fokus vəzifəli şəxslə (Maddə 2.2-də göstərilən hər kəs) yaxın qohumunın bilavasitə onun tabeliyində olması qadağasına yönəlib.
7. Maddə 10 isə bu qanunun təsir dairəsini hakmlərə belə aid olduğunu aydın göstərir.

Bir sözlə, həmin qanunda huquqpozmanın subyektləri prezidentdən tutmuş vəzifəli şəxslə əlaqədə olan fiziki şəxsə qədər aiddir.

C. "Dövlət qulluğu haqqında" Qanunun 7-ci maddəsinə istinad olunaraq "dövlət orqanı” anlayışının izahı təqdim olunur və bunu yalnız dövlət qulluqçularının qurumu kimi təqdim edilir. Məhz buna görə də "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tələblərinin seçkili və ya siyasi təyinatlı vəzifəli şəxslərə, bu halda isə prezident və vitse-prezidentlərə aid olmadığı bildirilir. Bu ciddi və həm də əsassız yanıltmadır. 

Aşağıdakılara diqqət yetirdikdə hər şey aydın olacaq:

1. "Dövlət qulluğu haqqında" Qanun Prezidentə, Milli Məclisinin deputatlarına, Baş nazirə və onun müavinlərinə, məhkəmələrin hakimlərinə, Ombudsmana, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), və.s şamil olunmur. Belə olduğu halda "dövlət orqanı anlayışı” kimi yalnız bu qanunun tətbiqi nəzərdə tutulan orqanlar olaraq verilir. Çünki hər bir normativ aktda anlayışlar aktın məqsədi üçün verilir. Qanunun məqsədi isə aydın göstərilib: bu qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmçinin bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Ona görə də qanunda istifadə olunan anlayışları o qanunun tətbiqinin dairəsi çərçivəsində başa düşmək gərəkir. Bu da o deməkdir ki, "dövlər orqanı” anlayışı qanunun məqsədindən doğaraq dövlət qulluqçularının qurumu kimi təsvir olunub. Bu o anlama gəlməməlidir ki, digər qurumlar dövlət organları hesab olunmur.

2. Digər tərəfdən dövlət orqanı anlayışı digər normativ hüquqi aktlarda da öz əksini tapıb. 
Misallara baxaq:
a) "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlara diqqət yetirək:
1.0.1. normativ hüquqi akt — tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.3. normativ xarakterli akt — bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
Bura hansılar dövlət oqanlarının aktları aiddir: Mərkəzi Seçki Komissiyasının, Mərkəzi Bankın, Məhkəmə-Hüquq Şurasının, yerli özünüidarə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının qərarları və s.
1.0.17. normayaratma orqanı — normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı; 
Bura hansı dövlət orqanları daxildir: Milli Məclis, Prezident, Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları.
b) Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 18.3-cü maddəsinə görə seçki komissiyaları Azərbaycan Respublikası Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanlarıdır.
c) Başqa tərəfdən, Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndinə görə dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisinin deputatı mandatdan məhrum edilir. Burada məsələ icra orqanında təyinatlı vəzifədən gedir. Necə ki yaxın günlərdə M.Əliyeva yeni vəzifəsinə görə deputat mandatını itirəcək.
Beləliklə, dövlət orqanları anlayışını daraldaraq, yalnız "Dövlət qulluğu haqqında” Qanunla əlaqələndimək çox absurd və dar bir yanaşma oldu. Necə ki prezidenti şəxs, orqanı onun administrasiyası kimi görə bilirlər ancaq.
D) Gələk bir daha vəzifəli şəxs məsələsinə. 
Qoşulduğumuz Beynəlxalq konvensiyalarda və qanunlarda onların konkret kimlər olduğu aydın qeyd olunub:
a) 30 sentyabr 2005-ci il № 1003-IIQ nömrəli qanunla təsdiq olunmuş Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının 2-ci Maddəsində vəzifəli şəxsin izahı verilir: Bu Konvеnsiyanın məqsədləri üçün: 
a) «dövlət vəzifəli şəxs» dеdikdə: 
i) İştirakçı Dövlətin qanunvеrici, icra, inzibati və ya məhkəmə orqanlarında daimi və ya müvəqqəti əsaslarla, əmək haqqı almaqla və ya almadan, təyinеtmə və ya sеçki əsasında hər hansı vəzifə tutan, vəzifə səviyyəsindən asılı olmayaraq hər hansı şəxs; 
ii) dövlət təsisatı və dövlət müəssisəsi də daxil olmaqla hər hansı dövlət funksiyası yеrinə yеtirən, yaxud İştirakçı Dövlətin daxili qanunvеriciliyi ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu kimi hər hansı dövlət xidmətləri göstərən istənilən digər şəxs; 
iii) İştirakçı Dövlətin daxili qanunvеriciliyində «dövlət vəzifəli şəxs» kimi qəbul olunan hər hansı digər şəxs başa düşülür. Bununla bеlə, bu Konvеnsiyanın II fəslində nəzərdə tutulmuş bəzi konkrеt tədbirlərin məqsədləri üçün «dövlət vəzifəli şəxs» dеdikdə, İştirakçı Dövlətin daxili qanunvеriciliyi ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu kimi hər hansı dövlət funksiyaları yеrinə yеtirən və ya hər hansı dövlət xidmətləri göstərən istənilən şəxs nəzərdə tutula bilər.

b) 30 dekabr 2003-cü il № 570-IIQ nömrəli qanunla təsdiq olunmuş Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiyası da dövlət vəzifəli şəxsi aydın təsvir edir: 
Bu Konvensiyanın məqsədləri üçün:
a. «dövlət vəzifəli şəxs» dedikdə, dövlətin milli hüququnda «dövlət qulluqçusu», «vəzifəli şəxs», «mer», «nazir» və ya «hakim» kimi müəyyən edilən və onun cinayət qanununda müəyyən edildiyi kimi, bu funksiyanı onun ərazisində həyata keçirən şəxs başa düşülür;
b. yuxarıdakı (a) yarımbəndində qeyd edilən «hakim» termininə prokurorlar və məhkəmə orqanlarında vəzifə tutan şəxslər aid edilir;
c) Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” Qaydaları «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir. Bu Qaydalar «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1—2.1.4, 2.1.6 və 2.1.7-ci maddələrində göstərilən vəzifəli şəxslərə şamil edilir.

Aşağıda göstərilən vəzifəli şəxslər maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına (bundan sonra «Komissiya» adlandırılacaq) təqdim edirlər:

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri və onun müavinləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Azərbaycan Respublikası Milli Məclisinin Aparatının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının, Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbərləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri və onlara bərabər tutulan şəxslər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məhkəmələrin hakimləri, Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri, şəhər, rayon və hərbi prokurorları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin, Hesablama Palatasının, Mərkəzi Seçki Komissiyasının sədrləri və onların müavinləri və s.

F) Son təyinatı ABŞ Prezidenti D.Trampın kürəkəni Kuchneri özünə müşavir təyin etməsiylə müqayisə aparmaqla əsaslandırmağa çalışanlar da var. Siyasi baxımdan, bəlkə də, haqlı görünə bilərlər. Lakin məsələnin digər tərəfləri də var:
1) Kürəkən qanunvericilik baxımdan bizdə yaxın qohum sayılmır. Ona görə də onun təyinatı hər hansı qanuni əngəl yaratmır;
2) Prezidentə məsləhətlər verməklə prezidentin səlahiyyətlərinin icrası arasında status, səlahiyyət, dövlət idarəetməsinə təsir baxımından müqayisəyəgəlməz fərqlər var və belə olanda müqayisə yersiz görünür. 
3) Kuchner maaşından imtina edib və biznesindən tam ayrıldığını bəyan edib. Həm də bunu təyinatından öncə edib.
Beləliklə, yuxarıda sadalananlar, xüsusilə də D-nin c) bəndindəki əsaslar ifadə edir ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7-ci maddəsinin "Yaxın qohumların birgə işləməsinə yol verilməməsi” tələbi aydın və konkretdir, ünvanı dəqiqdir və yerinə yetirilməsi məcburidir.

Belə olan halda əsassız və yanlış hüquqi arqumentlərə meyllənən, uyğun gəlməyən müqayisələrdən istifadə edən və baş verənlərin xoş ümidlər yaradacağının xəyalını yaşayan şəxslər, yaxşı olar ki, daha çox siyasi arqumentlərə istiqamətlənsinlər. Çünki qanunvericiliyin tələbi çox konkretdir.