Rəsmi: "Yunis Səfərovun əməli terror aktıdır"

Rəsmi:

06-07-2018 16:43 / Bu xəbər 1979 dəfə oxundu

"Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır”.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə iyulun 6-da yaydığı birgə məlumatda belə deyilir.

Bu barədə APA məlumat yayıb. 

"O, 8 ay Qum şəhərində yaşayıb"

Rəsmi məlumatda deyilir ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib:

"Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib”.

"Polis əməkdaşını yaralayıb və hadisə yerindən qaçıb"

Məlumatda deyilir ki, bundan sonra o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb və hadisə yerindən qaçıb:

"Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Araşdırmalar göstərir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.

O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman Birliyi” Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub.

Videomüraciətdə Yunis Səfərov ""Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib”.

"Daha 3 nəfər həbs olunub"

Məlumatda daha sonra deyilir ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub:

"Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir”.

"Yunis Səfərov adlı şəxslə əlaqəmiz yoxdur"

"Müsəlman Birliyi” Hərəkatının mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, təşkilatın Yunis Səfərovla heç bir əlaqəsi yoxdur:

"Bizim heç bir terror təşkilatı ilə əlaqəmiz yoxdur. Düşünürük ki, bu, Yunis Səfərova atılmış şərdir. "Müsəlman Birliyi” Hərəkatı bu şəxsi tanımır, onunla heç bir əlaqəsi yoxdur. Onu bizim hərəkata bağlamaq yanlışlıqdan başqa bir şey deyil. Yunis Səfərovun da hər hansı terror təşkilatı ilə əlaqəsi olduğunu düşünmürük”.