Səməd Seyidov Pedro Aqramuntu müdafiə edib

Səməd Seyidov Pedro Aqramuntu müdafiə edib

26-04-2017 19:08 / Bu xəbər 1578 dəfə oxundu

Azər Qasımlı: ''Aqramuntu avtoritar və avtoritarlığa meyilli ölkələr müdafiə edir''

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA sədri Pedro Aqramuntu müdafiə edib.

S. Seyidov qanunun aliliyini müdafiə etməyə çağıran təşkilatın öz divarları arasında qanunu kobud pozmasından təəssüfləndiyini deyib: 

"Bu təşkilat nəinki öz dəyərləri müdafiə etmək iqtidarında deyil, əksinə, onları pozur. Nəhayət, təşkilatda bu gün dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və bu kimi fikirlərin yerinə konfrontasiya, xüsusi yanaşma və qeyri-obyektivlik gündəmə gəlir”. 

"Avtoritar və avtoritarlığa meyilli olan ölkələr Aqramuntu müdafiə edir”

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı Səməd Seyidovun destruktiv qüvvələr deyəndə, konkret danışmasını təklif edir. Deyir, əgər söhbət AŞPA-dakı səsvermədən gedirsə, deputatların əksəriyyəti Pedro Aqramuntun əleyhinə səs vermişdilər: 

"Onlar məsələnin müzakirə olunub, gerçəkliyin üzə çıxmasını istəyirdilər. Səs verməyən 34 deputat arasında Azərbaycan nümayəndə heyətinin üzvləri və Türkiyədən olan, AKP-ni təmsil edən deputatlar da var idi. CHP üzvüləri isə Aqramuntun əleyhinə səs verdilər. Səs verməyənlər arasında Macarıstandan olan deputatlar da var idilər. Onların mövqeyi maraqlıydı. Güman ki, bu ölkədə Orbanın hakimiyyəti ilə Avropa Birliyi və Avropa Şurası arasında münasibətlər heç də hamar deyil. Görünən odur ki, avtoritar və avtoritarlığa meyilli olan ölkələr Aqramuntu müdafiə edir”. 

"Korrupsionerlərin "quyruğu qapı arasında" qaldığından cənab Seyidov həyəcanlanıb”

Azər Qasımlı Səməd Seyidovun Avropa Şurasının öz dəyərlərinin əleyhinə çıxması haqda dediklərini bölüşmədiyini söyləyib:

"Tam əksinə mənzərədir. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasında korrupsiya meyilləri haqda xarici mediada indiyə qədər fikirlər səslənib, faktlar sadalanıb. Yeri gəlmişkən, 2014-cü ildə İapaniya mətbuatında Aqramuntun korrupsiyaya meyilliliyi barədə məqalə yayılmışdı. Həmin məqalədə Aqramuntun korrupsiya mexanizmlərə girişdiyi, Azərbaycan hakimiyyətindən rüşvət aldığı deyilirdi. Biz Avropa Şurasını öz dəyərlərinə hörmət etməyə, faktların araşdırmasına çağırdıq. Belə şəxslərin namizədliyi hanısa posta irəli sürülməməlidir. Əksinə, onlara qarşı cinayət işi açılmalıdır”. 

"Luka Volonte və Aqramuntun fəaliyyətləri araşdırılsa, üzə ciddi məqamlar çıxacaq”

Azər Qasımlı təəssüf edir. Deyir, Avropa Şurası Parlament Assambleyası onların fikirlərini dinləməyib: 
Azər Qasımlı
Azər Qasımlı

"O zaman ki, biz bu barədə tənqidi fikirklərimizi səsləndirirdik, Səməd Seyidov kimi adamlar Avropa Şurasını dəstəkləyirdi, qurumun Azərbaycanda siyasi məhbusların siyahısını qəbul etməməsini alqışlayırdı. Hazırda Avropa Şurasında korrupsiya olayları acınacaqlı hal alıb. Qrum öz dəyərlərinə qayıtmq barədə düşünür. Bu mənada Səməd Seyidovun dedikləri yanlışdır və o, hakimiyyətin maraqlarına cavab verən fikir söyləyir. Güman ki, korrupsionerlərin "quyruğu qapı arasında" qaldığından cənab Seyidov həyəcanlanıb. Çünki Luka Volonte və yaxud Aqramuntun fəaliyyətləri araşdırılsa, çox ciddi məqamlar üzə çıxacaq".

"Aqramunt hakimiyyətin xeyrinə işlər görürdü”

Hüquq müdafiəçisi Samir Kazımlı Səməd Seyidovun Pedro Aqramunt haqda söylədikləriylə razılaşmadığını deyir.

O xatırladır ki, Pedro Aqramunt Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olarkən onunla bir neçə dəfə görüşüb:

"Əksər vaxt müzakirələrimiz gərgin keçib. Mən və həmkarlarım hər dəfə ona ölkədəki insan hüquqlarının durumu haqda məlumat verir və diqqətinə vəziyyətin getdikcə pisləşdiyini çatdırırdıq. Təəssüf ki, o, məruzəçi kimi üzərinə düşən vəzifəni yerinə yetirmirdi. Çox hallarda hakimiyyətin xeyrinə işlər görürdü”. 

"Siyasi məhbuslarla bağlı hazırlanan sənədin əleyhinə çıxan adam obyektiv ola bilməz”

Samir Kazımlı deyir ki, Pedro Aqramunt AŞPA-nın 2012-ci ilin payızında və 2013-cü ilin qışında keçirilən sessiyalarında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasser tərəfindən Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı sənədlərin əleyhinə olub: 

"Görüşümüz zamanı bu məsələni qaldırdım. Ştrasserin hazırladığı sənədlərin əleyhinə çıxdığı üçün onu tənqid etdim. Diqqətinə çatdırdım ki, bu, bir məruzəçi kimi haqqında mənfi rəy yaradır. Barəsində mənfi rəy yaranan, siyasi məhbuslara bağlı hazırlanan sənədin əleyhinə çıxan adamın obyektiv ola bilməyəcəyini dedim. Buna görə Aqramunt mənimlə çox gərgin mübahisə etdi. Hətta az qala mübahisə davaya çevirilsin".

"Bəzən görüşlər zamanı yatırdı”

Samir Kazımlı Pedro Aqaramuntun çox vaxt onunla görüşən adamları dinləmədiyini deyir: 
Samir Kazımlı
Samir Kazımlı

"Bəzən görüşlər zamanı yatırdı. Yəni bu adam görüşlərə formal bir məsələ kimi baxırdı. 2014-cü ildə Azərbaycanda insan haqları üzrə məruzəçi vəzifəsi də  Pedro Aqramunta verildi. O, həm də siyasi məhbuslarla bağlı hesabat hazırlamalı idi. Bu səlahiyyət ona veriləndən sonra onunla görüşümüzdə ölkədəki siyasi məhbus məsələsini bir daha onun diqqətinə çatdırdım. Vəziyyəti öyrənib, hesabat hazırlayacağını dedi. Sonra da AŞPA-nın prezidenti seçildi. Bundan sonra da görüşdük. Siyasi məhbuslarla bağlı hesabatın niyə hazırlamadığını soruşanda xəstlənib, bir müddətdə xəstəxanada yatdığı üçün hesabatı hazırlaya bilmədiyini dedi. Məncə, o, yalan danışırdı”.

"Hakimiyyəti dəstəkləməməsini söylədim”

Samir Kazımlı deyir ki, Aqramunt Azərbaycan üzrə həmməruzəçi ola-ola ölkədəki insan haqlarının durumu ilə bağlı hakimiyyəti tənqid etmir, amma gürcü mətbuatına müsahibə verib, Gürcüstandakı vəziyyəti təqid edirdi: 

"Bir dəfə ona Gürcüstan üzrə deyil, Azərbaycan üzrə məruzəçi olduğunu xatırlatdım. Susdu. Sonuncu görüşdə o, "vəziyyətin yaxşılaşması üçün nə etməliyik?”, - deyə soruşdu. Bunun üçün hakimiyyəti dəstəkləməməsini söylədim”.   

"O, Azərbaycana məruzəçi kimi yox, turist kimi gəlib-gedirdi” 

Samir Kazımlı deyir ki, Aqramuntun sadəcə bircə müsbət işi var idi. Bəzən türmələrə gedib, siyasi məhbuslarla görüşürdü. Bu da daha çox onun özünə lazım idi:  

"Guya işləyir. Pedro Aqramuntun fəaliyyəti onu deməyə əsas verir ki o, Azərbaycana məruzəçi kimi deyil, turist kimi gəlib-gedirdi. Azərbaycanda insan haqlarının hazırkı duruma düşməsinə səbəblərdən biri də Aqramunt kimi adamın Azərbaycan üzrə məruzəçi olması idi. Artıq Avropa Şurasında çoxu Aqramuntun hakimiyyətin adamı olduğunu bilir. Aqramuntun ifşa olunması Azərbaycan hakimiyyəti üçün itkidir”.///meydan.tv