Şərqi Almaniyadan qaçışlar

Şərqi Almaniyadan qaçışlar

08-10-2018 16:39 / Bu xəbər 334 dəfə oxundu

Yadigar Sadıqov

Avqust ayında yazdığım məqalədə Berlin divarının inşa edilməsi səbəblərinə toxunmuşdum. 

Qısaca xatırladım ki, İkinci cahan savaşından sonrakı dövrdə həm Almaniya, həm də Berlin 4 dövlət (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) arasında işğal zonalarına bölündü.

1949-cu ildə bu bölgü əsasında iki alman dövləti - SSRİ-nin işğal zonası əsasında sosialist Almaniya Demokratik Respublikası (ADR) və digər üç işğal zonasından ibarət Almaniya Federativ Respublikası (AFR) - yaradıldı. Berlin şəhəri də oxşar aqibəti yaşadı. Sovet nəzarətində olan hissə ADR-ə qatıldı, digər üç hissədən isə Qərbi Berlin adlı xüsusi siyasi vahid təşkil edildi. Hər tərəfdən ADR ərazisi ilə əhatələnən bu şəhər-dövlət müstəqil sayılsa da, beynəlxalq aləmdə onu AFR təmsil edirdi.

Daha azad və firavan kapitalist sistemində yaşamaq istəyən yüzminlərlə alman ADR-dən AFR-ə köç edirdi. Prosesin qarşısını almaq üçün 1952-ci ildə ADR rəhbərliyi iki ölkə arasında sərhəd istehkamları yaratdı. Lakin Potsdam müqaviləsinin şərtlərinə uyğun olaraq Berlin daxilində gediş-gəliş daha sərbəst idi. Budan istifadə edən xeyli ADR vətəndaşı Qərbi Berlinə, oradan da AFR-ə köçürdü.

İldən-ildə "fəhlə-kəndli hökuməti"ndən qaçan fəhlə və kəndlilərin, eləcə də digər təbəqə nümayəndələrinin sayı artırdı. 1949-1961-ci illərdə 3 milyondan artıq insanın Şərqi Almaniyadan (ADR) qaçdığı güman edilir. 1961-ci ilin ilk 7 ayı ərzində 207 min nəfər, yəni hər gün demək olar ki, 1000 nəfər ölkəni tərk etdi. Belə olduqda avqustun 13-də Qərbi Berlini Şərqi Berlindən və ADR-in digər ərazisindən təcrid etmək üçün "Berlin divarı" adını alacaq sərhəd xəttinin çəkilməsinə başlanıldı.

Berlin divarı şərqdən qərbə köç axınını xeyli zəiflətsə də, tam durdurmadı. Sosialist sisteminin çöküşünə qədər insanlar müxtəlif yollarla qərbə qaçışa cəhd edirdilər. Bunların çoxu uğursuz olurdu, bir hissəsi isə uğurlu. Bəzi qaçışlar çox ağılla hazırlanırdı, bəzisi kobud tarana hesablanırdı. Bəziləri Qərbi Berlinə qaçırdı, bəziləri birbaşa Qərbi Almaniyaya. Bu məqalədə həmin qaçışların bir hissəsi barədə danışacağıq.

***

Qaçışlar adətən iqtisadi və siyasi səbəblərdən baş verirdi. Almanlar "iqtisadi möcüzə" yaşayan Qərbi Almaniyada (AFR) yaşamaq istəyirdilər. Bir kəsimə də kommunist quruluşlarına xas total nəzarət boğucu gəlirdi, azad yaşamaq istəyirdi. Bəzən şəxsi motivlər olurdu, insanlar divarın o tayında qalan ailəsinə, sevgilisinə qovuşmağa can atırdılar. Lakin bu şəxsi motivlər zamanı da bir qayda olaraq şərqdən qərbə üz tutulurdu. Əks iqtiqamətdə köç nəzərə alınmayacaq qədər cüzi idi.

Berlin divarı qurbanlarının xatirə kompleksi

Ən məşhur qaçışlardan biri Berlin divarının inşasına başlanandan 2 gün sonra baş verdi. Divar tikintisi hələ başlamamışdı, sadəcə hündürlüyü 1 metrə çatmayan tikanlı məftil döşənmişdi. Yaxınlıqda keşik çəkən sərhədçi Konrad Şuman qəfildən avtomatını tullayaraq məftilin üstündən atlandı və Qərbi Berlinə tərəf qaçdı. Bu sadə qaçış ona görə məşhurlaşdı ki, onun şəklini çəkmək oldu. Bu şəkil sonralar nəinki Berlin qaçışlarının, ümumiyyətlə, soyuq müharibənin simvollarından birinə çevrildi.

Şərqi Berlindən qurtulmaq istəyənlərin əl atdıqları ilk üsul düz sərhəd xəttinin üzərində yerləşən binalar vasitəsilə qaçmaq oldu. Bernauerştrasse küçəsində yerləşən bəzi binaların girişi şərq sektorundan olsa da, pəncərələri qərb sektoruna açılırdı. Bu yolla bir neçə nəfər aradan çıxa bildi, lakin hökumət orqanları tezliklə əks-tədbir gördülər. Öncə pəncərələr hörüldü, daha sonra isə binalar, ümumiyyətlə, söküldü və yerlərində Berlin divarının davamı çəkildi.

Başqa bir ilkin üsul divarın altından tunel qazılması oldu. İlk illərdə bir neçə belə tunellər qazıldı. Sonralar tunelləri bir-birindən fərqləndirmək üçün onlar vasitəsilə qaçmağa müyəssər olan insanların sayı əsas götürülürdü. Məsələn, 1962-ci ildə tunellərdən biri vasitəsilə 29 nəfər qaça bildi. Ona "tunel 29" adı verildi və 2001-ci ildə bu hadisə haqqında "Der Tunnel" adlı film çəkildi.

Ən çox insanın qaça bildiyi tunel 1964-cü ildə qazıldı. Qərbi Berlindən başlayaraq 12 metr dərinlikdə və 140 metr uzunluqda olan tunel Şərqi Berlində tərk edilmiş həyətlərdən birinə çıxdı. ADR hakimiyyət orqanları xəbər tutana qədər iki gecə ərzində bu tunel vasitəsilə 57 adam Qərbə qaçdı. Qeyd edək ki, tunelin qazılmasında sonralar AFR-in ilk astronaftlarından biri olacaq Reynhard Furrer də iştirak edirdi.

Elə insanlar var idi ki, bir neçə tunelin qazılmasında iştirak etmişdi. SSRİ-də beləsinə yəqin ki, "əməkdar tunel qazan" adı verilərdi, əgər gördüyü iş qanunsuz olmasaydı. Maraqlıdır ki, qazıntılarda bəzən xarici ölkələrdən könüllü yardıma gələnlər də iştirak edirdilər. Tezliklə Şəqri Almaniya hökuməti Berlin divarının perimetri boyunca özü tunel qazdı və bununla yerin altını nəzarətə götürdü. Bundan sonra tunel qazıntısı dayandı. Ümumilikdə yeraltı yollarla 300 nəfərə yaxın insanın qaçması ehtimal olunur.

Berlin divarının təkcə altından deyil, üstündən də qaçış cəhdləri edilirdi. 1963-cü ilin fevral gecəsində Horst Klyayn adlı biris özünün akrobat vərdişlərindən istifadə etmək qərarına gəldi. O divarın üzərindən uzanan, lakin artıq işlək olmayan elektrik xəttindən tutaraq sərhədçilərin başı üzərindən Qərbə keçdi.

1965-ci ilin yenə fevralında Holzapfel ailəsinin qaçışı xeyli maraqlı hazırlanmışdı. Ailənin başçısı Haynz Holzapfel mini-funikulyor kimi bir qurğu yaratmışdı. Qarşı tərəfdən də edilən kömək sayəsində çəkilən kanatla bu qurğu vasitəsilə Haynzın öncə oğlu, sonra arvadı, sonda da özü Qərbi Berlinə keçdilər. Maraqlıdır ki, Haynz Holzapfel jurnalistlərə verdiyi müsahibəsində sosializmə rəğbətlə yanaşdığını, lakin iş yerində çuğulluğa təhrik edildiyi üçün qaçmaq qərarına gəldiyini açıqladı.

1973-cü ildə Şərqi Almaniyanın planerizm üzrə tanınmış idmançısı Udo Elke elə yarışlar zamanı planeri ilə Qərbi Almaniyaya uçdu. 1983-cü ildə Maykl Bekker və Holger Betkenin qaçışında Holzapfellərin qaçışının elementləri vardı. Onlar beşmərtəbəli evin damına çıxaraq polad trosu ox ilə qarşı tərəfə atdılar. Orada isə Holgerin daha öncə Qərbə qaçan qardaşı İnqo trosu daha aşağı hündürlükdə bir yerə bağladı. Bundan sonra Bekker və Betke kanat təkərlərinin köməyilə üzüaşağı sürüşərək "ən humanist quruluş"u tərk etdilər.

Lakin Betke qardaşlarının macərası bununla bitmədi. Onlar kiçik qardaşları Egberti də qaçırmaq üçün plan qurdular. Qardaşlar sahibi olduqları pabı satdılar, iki yüngül təyyarə alıb onları rənglədilər, qanadlarına və quyruqlarına beşguşəli ulduz çəkdilər, özləri də hərbi forma geyərək 1989-cu ilin mayında Şərqi Berlinə uçdular. Burada üçüncü qardaşlarını götürərək geriyə döndülər. Maraqlıdır ki, bu riskli təşəbbüs zamanı onlara əngəl törədən omadı. Lakin qardaşlar cəmi 6 ay sonra gediş-gəlişin sərbəst olacağını bilsəydilər, yəqin ki, pabı satmaqdan imtina edərdilər.

Ən heyrətamiz qaçışlardan biri Vetzel və Strelçek ailələrinin qaçışı idi. Onlar "işıqlı gələcəyin qurulması"nı gözləməyərək, özləri ona tərəf getməyə qərar verdilər. Özü də bunun üçün xeyli orijinal üsul fikirləşmişdilər - hava şarı. Bir neçə il çəkən hazırlıqdan sonra 4 böyük və 4 uşaqdan ibarət olan iki ailə özlərinin düzəltdikləri hava şarı ilə 1979-cu ilin sentyabrında qaça bildilər.

Divarın altından və üstündən əlavə, özündən keçmək halları vardı. Təxminən "Kabus" filmində olduğu kimi. Sadəcə qaçanlar bəzən özlərindən sonra dağıntılar qoyurdular.
"Berlin divarı" adlı məqalədə yazmışdım - divar çəkilənə qədər təbii ki, vahid şəhər infrastrukturu, o cümlədən, şəhərdaxili elektrik qatarı vardı. Divar çəkiləndən etibarən qərb və şərq hissələrini birləşdirən hissələr bir müddət istifadəsiz qaldı. Daha sonra onların sökülməsi və Şərqi Berlin üçün ayrıca sistemin quraşdırılması nəzərdə tutulurdu. Lakin bir nəfər hələ sökülməyən xətlərdən qaçış üçün istifadə etmək qərarına gəldi.

Maşıinist Harri Deterling 1961-ci ilin dekabrında 24 sərnişinin (onların təsadüfi sərnişin idilər və qaçış planından xəbərləri yox idi) olduğu, "azadlığa gedən son qatar" adlandırdığı qatarı həmin relslərlə sürərək divarı taran etdi, şok yaşayan sərhədçilərə "auf Wiedersehen" deyərək Qərbə yollandı.

Qatar sərnişinlərin əksəriyyəti geri qayıtdı; lakin sosializmə sevgidən deyil, Şərqi Berlində qalan ailələrinə görə. Bir gənc qız isə Harri və qatarın qazançısı kimi Qərbdə qaldı. Demək artıqdır ki, qeyri-işlək relslər bu hadisədən sonra dərhal yığışdırıldı.

1962-ci ilin yazında bir ingilis Şərqi Berlində yaşayan sevgilisini və onun anasını qaçırmaq qərarına gəldi. Bu məqsədlə, o, aşağı oturuşlu Ostin Hili idman avtomobili aldı. Sevgilisini arxa oturacağa, gələcək qaynanasını da yük yerinə (seçim diqqətəlayiqdir) uzadan ingilis keçid məntəqəsinə yaxınlaşarkən sürəti qəfil artırdı və şlaqbaumun altından sivişərək uzaqlaşdı. Yük yerindəki gələcək qaynananı güllələrdən mühafizə etmək üçün önünə kərpiclər düzülmüşdü. Lakin hadisə sərhədçilər üçün o qədər gözlənilməz oldu ki, atəş açmağa macal tapmadılar.

Xüsusi olaraq qaçış üçün quraşdırılan İsetta markalı kiçik həcmli bir avtomobilin köməyi ilə dalbadal 9 nəfər Qərbə qaçmışdı. Sərhədçilər maşının salonunu və yük yerini yoxlayırdılar, halbuki qaçaq motor yerində gizlənirdi. Bunun üçün İsettanın akkumlyatoru və radiatoru çıxarılmışdı.

1963-cü ilin aprelində ADR ordusunun Volfqanq Engels adlı əsgəri soyadına heç cür yaraşmayan fikrə düşdü - kommunizmdən çürüməkdə olan kapitalizmə qaçmaq. O, bunun üçün zirehli avtomobillə divarı taran etmək qərarına gəldi. Lakin divar sökülsə də, avtomobil şərq tərəfdə qaldı. Engels düşərək sökülən yerdən qaçmaq istərkən sərhədçilərin açdığı atəşlə belindən və qolundan yaralandı. Lakin qarşı tərəfdən gələn insanların köməyi ilə öz niyyətini yekunlaşdıra bildi.

Səkkiz uşaq atası olan Erik Ross refrijeratorla Şərqi Berlindən ət daşıyan maşının sürücüsü idi. O, çoxdan Qərbi Berlində məskunlaşmaq istəsə də, ailəsinin repressiyaya məruz qalacağından qorxaraq geri qayıdırdı. Bir gün isə, o, bütün ailəsini soyuducudakı ət cəmdəklərinin arasında gizlədərək keçid məntəqəsinə yaxınlaşdı. Onun səfərlərinə alışmış sərhədçilər soyudunu heç yoxlamadılar və ailə asanlıqla mühacirət etdi.

Qaçış cəhdlərinin bir hissəsi də su vasitəsilə edilirdi. Əsasən Berlində axan Şpree, Havel çaylarından və Teltov kanalından istifadə edilirdi. Lakin bəzən Baltik dənizi vasitəsilə də qaçırdılar. 1986-cı ildə iki dost - Dirk Dekkert və Karsten Klyuender vindserfinq (yelkənli serfinq) vasitəsilə Şərqi Almaniyadan qaçdılar. Karsten Danimarkaya özü yetişsə də, yelkəni zədələnən Dirki həmin ölkənin balıqçıları xilas etdi. Xeyli qorxmuş Dekkert sonralar deyirdi: üç ildən sonra divarın dağılacağını bilsəydim, evimdə oturardım.

Sosialist ölkələrində "qayıtmayanlar" deyilən insanlar vardı. Əsasən peşə fəaliyyətləri ilə əlaqədar xarici ölkəyə səfər edənlər və geri qayıtmayanlar. Onlar arasında diplomatlar, elm, mədəniyyət və incəsənət xadimləri, idmançılar, hətta kəşfiyyatçılar vardı. "Qayıtmayanlar" Şərqi Almaniyada da az deyildi. Onların qaçışları xüsusi özəllikləri ilə seçilmədiklərindən bu məqalədə bəhs etmək istəmirəm. Lakin bir qayıtmamaq halı xüsusi maraq kəsb edir. O da özünün detalları ilə deyil, qayıtmayanın şəxsi ilə bağlıdır.

1974-cü ildə futbol üzrə dünya çempionatı Qərbi Almaniyada keçirilirdi. Yeganə çempionat idi ki, zəif Şərqi Almaniya komandası da iştirak hüququ qazanmışdı, üstəlik, öz qərbli soydaşları ilə eyni qrupa düşmüşdü. Qrup mərhələsinin son, üçüncü turunda iki alman komandası üz-üzə gəldi.

Demək olar ki, hamı daha adlı-sanlı, o zamana qədərki dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc qazanan AFR komandasının asan qələbə qazanacağını gözləyirdi. Lakin ADR gözlənilmədən qalib gəldi. Matçda yeganə topu 77-ci dəqiqədə Yurgen Şparvasser vurdu. Nəticədə hər iki alman komandası növbəti mərhələyə çıxdılar.

Onların sonrakı nəticələriisə fərqli oldu. Şərqi Almaniya 1/4 final mərhələsindən sonra mübarizəni dayandırıb medalsız qaldı. Qərbi Almaniya isə finalda Niderlanda qalib gələrək dünya çempionu oldu. Buna baxmayaraq, Şərqi Almaniyada futbolçuları xüsusən də Şparvasseri qəhrəman kimi qarşıladılar.

Onun vurduğu qolu uzun illər telekanallarda təkrar-təkrar göstərərək (insafən, qəşəng qol idi) ideoloji məqsədlər üçün istifadə edirdilər. Əyani qarşılaşmadakı qələbə əsas götürülərək Şərqi Almaniya futbolunun artıq ikiqat dünya çempionu olan Qərbi Almaniyadan üstün olduğu iddia edilirdi.

Yurgen Şparvasseri xeyli müddət "milli qəhrəman" obrazından yararlandı, ona verilən imtiyazları qəbul etdi. Nəhayət, 1988-ci ildə Qərbi Almaniyada keçirilən veteranlar turnirində iştirakdan sonra geri qayıtmaqdan imtina etdi.

***

Təəssüf ki, qaçış cəhdlərinin hamısı uğurlu alınmırdı. Bəzən hətta faciəli sonluqla nəticələnirdi - kimisi suda boğulurdu, yaxud yüksəklikdən yıxılırdı, kimisini də sərhədçilər güllələyirdilər. Belələrinin sayının ən azı 125 nəfər olması göstərilir. Bəzi tədqiqatçılar isə gerçək rəqəmin bir neçə dəfə çox olduğunu iddia edirlər. 3 mindən çox insan isə qaçış cəhdinə görə həbs edildi. Bu əmələ görə Şərqi Almaniyada 5 ilə qədər, 1979-cu ildə edilən dəyişikliklərdən sonra isə 8 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.

1980-ci illərin sonlarında baş verən qlobal hadisələr Berlin divarının da sonunu gətirdi. 1989-cu ilin noyabrında gediş-gəliş sərbəstləşdi. Daha 11 ay sonra isə iki alman dövləti və Qərbi Berlin vahid dövlətdə birləşdilər.

Meydan.tv