"Şükürov 400 milyonu “yeyəndə” Maliyyə Nazirliyi hara baxırdı?"

13-10-2018 15:49 / Bu xəbər 3105 dəfə oxundu

Deputat Aqil Abbas "Bakı Lift-Təmir” İstehsalat Birliyinin işdən qovulan sabiq rəisi Qüdrət Şükürovla bağlı açıqlamalar verib. 

Millət vəkili açıqlamasında keçmiş məmurun 400 milyon yeyintiyə yol verməsinə görə Maliyyə Nazirliyini günahlandırıb. 

O deyib ki, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməsidir: "Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Administrasiyasından tutmuş dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar”.
 
Bununla bağlı müsavat.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli dövlətin nəzarət mexanizmlərinin olmasının vacibliyindən danışıb: "Nəzarət mexanizmi ən çox onun üçün vacibdir ki, büdcədən ayrılan vəsaitin doğru-düzgün xərclənməsinə nəzarət etsin. Bu işdə ən yetkili orqan Hesablama Palatasıdır. Qurum hər il büdcədən ayrılan vəsaitlərin doğru-düzgün xərclənməsi ilə bağlı arayışlar verir. Yoxlamaların nəticələri ictimaiyyətə açıq olmalıdır. Hesablama Palatası ictimaiyyətlə daha sıx işləməli və işində ciddi dönüş etməlidir. Siz jurnalistlərin fəaliyyəti nəticəsində dəfələrlə ”Bakı Lift-Təmir” İstehsalat Birliyinin işlərindəki problemlərlə, eləcə də, liftlərin düzgün işləməməsi, tez-tez qırılması ilə bağlı kifayət qədər məlumatlar oxumuşuq. Bunun barəsində saytlarda məlumat axtarmaq istəsək, qarşımıza onlarla məlumat çıxar. Hüquq mühafizə orqanları da buna ciddi reaksiya verməli idilər.

Qüdrət Şükürovun beynəlxalq korrupsiya qalmaqallarında bu şəkildə adının hallanmasına imkan verilməməli idi. Maliyyə Nazirliyi və Hesablama Palatası bu xərcləmələrlə bağlı daha ciddi nəzarət həyata keçirməli idi. Hesablama Palatası açıqlama verməlidir ki, bu illər ərzində "Bakı Lift-Təmir” İstehsalat Birliyi ilə bağlı hər hansı bir rəy verib ya yox. Mətbuatı, gündəmi daim izləyən biri kimi yadıma gəlmir ki, bununla bağlı Maliyyə Nazirliyinin yaxud Hesablama Palatasının hər hansı bir arayışı olsun. Halbuki qanun bunu tələb edir ki, belə yoxlamalar aparılsın, nöqsanlar aşkar olunarsa, ciddi cəzalandırılmalar olsun. Təəssüflər olsun ki, Azərbaycanda cəzasızlıq mexanizmi var. Bu da daha çox cinayətlər törədir. Cəzasızlıq mühiti korrupsiya hallarının və büdcə vəsaitinin cinayət yolu ilə mənimsənilməsinin həcmini artırır”.