Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?

Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?

15-07-2018 20:04 / Bu xəbər 1702 dəfə oxundu

Vahid Qazi

Mustafa Hacıbəylini prokurorluqda beş gün sorğu-suala tutublar. Deyir, o gün lap 11 saat dindiriblər. Dünən də redaktoru olduğu Bastainfo.com saytının əməkdaşlarını çək-çevir ediblər.

Nə öyrənmək istəyiblər Mustafadan? Güman edə bilərəm! İnsan azadlıqlarından hürkən siyasi sistemlərdə müstəntiq jurnalistdən, siyasi, ictimai fəaldan nə soruşursa, elə onu soruşublar.

Amma nəyi xəbər almadıqlarını dəqiq bilirəm! Ondan soruşmayıblar: "Şuşada aldığın güllə yarası sağaldımı?”,  "Qarabağ qazisi – üçüncü qrup əlil kimi aldığın 70 manat pensiya balalarının çörəkpulu edirmi?”

***

Bastainfo.com saytına təzyiqləri qətiyyətlə pisləyirəm! Ona görə yox ki, mövzusundan asılı olmayaraq bütün yazılarımı cümləsinə, sözünə "qayçı” vurmadan dərc edən tək-tük saytlardandır.

Ona görə ki azad mətbuata dəstək olmağı bir jurnalist, vətəndaş kimi boynumun borcu hesab edirəm. Mətbuatı azad olmayan ölkənin heç bir sahəsində azadlıq ola bilməz! Söz, ifadə azadlığı bütün insan azadlıqlarına açardı, girişdi.

Saytlarda oxudum ki, "Basta”ya, başqa dörd sayta giriş məhdudiyyəti qoyulub. Son Gəncə olaylarına görə barələrində cinayət işi açılıb.

Anlaşılan o ki, bu hadisələrdə güc yalnız mediaya çatıb, "günah keçisi” kimi mətbuatı seçiblər.

Bu haqda hüquqşünas dostumuz Ələsgər Məmmədlinin "Niyə hədəf mediadır?” yazısında ətraflı hüquqi izah var. Mən oxudum, altından öz imzamı ata bilərəm deyə burada əlavə nəsə yazmağa lüzum görmürəm.

Bircə onu yazıram ki, gördüyünü qorxmadan yazan ölkənin tək-tük saytları da bağlanarsa, ömrünü cəmiyyətdə ədalətin, demokratiyanın bərqərar olmasına fəda edən ictimai-siyasi fəallar, vətəndaş mövqeli şəxslər sıradan çıxarılarsa, əmin olun, onların yeri boş qalmayacaq!

Onların yerini tutacaq hər dürlü radikal-ekstremislərin təhdid qorxusu bir kabus kimi hamımızın üstünə çökəcək! Dövləti də, hakimiyyətli-müxalifətli bütün xalqı da dalana dirəyəcək!

Belə sonuclara N qədər dünya nümunəsi var. Bu, 2 x 2 = 4 qədər sadə məsələdir!

***

"Düşünürsən ki, Allah var? Əgər O varsa, demək ölüm hələ son deyil. Mən Onun mövcud olmasını istəmirəm”.

Bu sözlər Nobelli yazıçı Svetlana Aleksiyeviçin "Sekond hənd zamanı” kitabındandır. Ölkədə baş verən son olaylar nədənsə yadıma o kitabı salır neçə gündü. Kitab dünya tarixinin ən qəddar siyasi rejiminin insan taleləri üzərində apardığı eksperiment nümunələriylə doludu. Onun əsas leytmotivi də elə budur: Zülmün ərşə dirəndiyi yerdə ölümdən sonra da azad olacağına inana bilmir insan!

Mənsə zülmün yox, haqq-ədalətin ərşə qalxdığı, bütün aləmə yayıldığı vətən istəyirəm!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.