Tatarıstan tatar dilinin müdafiəsinə qalxdı

Tatarıstan tatar dilinin müdafiəsinə qalxdı

09-09-2017 12:54 / Bu xəbər 2811 dəfə oxundu

Tatarıstan rəsmiləri məktəblərdə tatar dilinin tədrisinə son qoyulmasına çağırışları rədd ediblər. 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədəki milli azlıqların dilləri barədə ziddiyyətli bəyanatlar vermişdi.

AzadlıqRadiosu xəbər verir ki, sentyabrın 7-də Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının Təhsil Nazirliyi belə çağırışların "federal və regional qanunlara zidd olduğu və bəzi valideynləri çaşdırdığı” barədə bəyanat yayıb.

Rusiya etnik azlıqlarının ana dilləri barədə debatlar Vladimir Putinin ötən iyulda Mari El bölgəsinə səfərindən sonra qızışıb. Burada etdiyi çıxışda Putin regionlarda etnik rusların yerli dilləri öyrənməyə məcbur edilməsini pisləmişdi.

Bunun ardınca avqust ayında Putin "belə demək mümkündürsə etnik respublikalarda” yerli dillərin zorla tədriq edilməsi hallarının araşdırılmasını federal prokurorlara tapşırmışdı.

Putinin bu bəyanatlarının ardınca əhalisinin yarısını müsəlmanlar təşkil edən neftlə zəngin Tatarıstanda qeyri-tatar valideynlər yerli dilin orta məktəblərdə icbari tədrisinin ləğv olunması tələbi ilə etiraz aksiyalarına çıxmışdılar.

Lakin Tatarıstanın Təhsil Nazirliyi bu cür bəyanat və hərəkətlərə qarşı çıxaraq bildirib ki, Rusiya Konstitusiyası Rusiya Federasiyasına daxil bütün respublikalarda yerli dillərə dövlət dili statusunun verilməsi hüququnu tanıyır.

Nazirliyin bəyanatında bu da deyilir ki, Tatarıstanın öz Konstitusiyası və qanunları isə rus və tatar dillərinin orta məktəblərdə icbari tədrisini nəzərdə tutur.

Tatarıstanın 4 milyonluq əhalisinin yarısını türkdilli tatarlar təşkil edir və onların əksəriyyəti rus dilində səlis danışa bilir. Əhalinin ikinci yarısı isə ruslardan, udmurtlardan, başqırd və çuvaşlardan ibarətdir.
Tatarıstan və Başqırdıstan
Tatarıstan və Başqırdıstan

Ana dili mövzusunda kəskin debatlardan az əvvəl Kreml Tatarıstan Respublikasının xüsusi statusunu təsbit edən müqavilənin müddətini uzatmaqda tərəddüd keçirmişdi. Bu müqavilənin vaxtı bir neçə həftə bundan əvvəl başa çatıb.

Moskva və Kazan arasında hakimiyyət bölgüsünə dair ilk müqavilə Rusiya və Tatarıstanın ovaxtkı prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında 1994-cü ildə imzalanmışdı.

Bu müqavilə Tatarıstana öz qanunları, vergi sistemi və hətta vətəndaşlığı da daxil geniş muxtariyyət verirdi.
Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev 1997-ci ildə
Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev 1997-ci ildə

2000-ci ildə hakimiyyətə gələndən bəri Vladimir Putin "hakimiyyətin şaquliliyi” prinsipinə güc verməklə, bir çox tənqidçilərin fikrincə "federalizm” prinsipini pozmağa başlamışdı.

Rusiyada qəbul edilmiş bir sıra qanunlar bütün regionları sərt şəkildə federal qanunvericiliyə bağlayır. 2005-ci ilədək Moskva ilə etnik regionlar arasında mövcud olan müqavilələr artıq ləğv olunmuşdu.

Hazırda Rusiyada yalnız iki inzibati vahid – Tatarıstan və Çeçenistan "xüsusi statusa” malikdir.

2007-ci ildə imzalanmış yeni müqaviləyə görə Tatarıstana regionun iqtisadi, mədəni və digər sahələrdəki siyasətlərini Moskva ilə birlikdə yürütmıək hüququ verilib.

İyul ayında Mari Eldə çıxış edən Putin demişdi: "Etnik respublikalarda kimisə onun ana dili olmayan dili öyrənməyə məcbur etmək, eyni zamanda rus dilinin tədrisinə ayrılmış saatları kəsmək yolverilməzdir”.

Onun bu bəyanatı internetdə həm təqdir, həm də tənqid edilmişdi.