Təbrizli alimin edam hökmü təsdiqlənib

Təbrizli alimin edam hökmü təsdiqlənib

18-12-2017 11:13 / Bu xəbər 1563 dəfə oxundu

Təbrizli araşdırmaçı-alim Əhmədrza Calali haqda çıxarılan edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib. 

Məlumatı BBC-İran yayıb.

Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü alimin ailəsinə təqdim edib. 

Əhmədrza Calalinin anası deyib ki, edam hökmünün təsdiq edildiyini eşidəndə halı pisləşib.

Alimin anası səslərinin dünya ictimaiyyətinə çatdırılmasını istəyir: "Əhmədrza məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsini istəyir. Qoy oğlumun günahı varsa, açıq desinlər və bütün insanlar buna şahid olsun. Biz yalnız bunu tələb edirik”.

"Amnisty İnternational” deyir ki, alim İrana casusluq etməkdən imtina etdiyi üçün cəzalandırılır.

Bir ay əvvəl Nobel mükafatına layiq 75 Nobel mükafatı laureatı Əhməd Rza Cəlalini azad etməyə çağırıb.

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O, Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

Hakim Abbas Cəfəri Dolətabadi bu ilin oktyabrında Əhmədrza Calalini Mossad Kəşfiyyat Xidmətinə casusluqda günahlandırıb. İddiaya görə, o, terror edilən bəzi iranlı nüvə alimləri ilə bağlı "Mossad”a məlumat ötürüb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı rədd edir.

Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Həbsdə olduğu müddətdə alimin vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası keçirib.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Ə. Calalinin sözlərinə görə, müstəntiqlər istintaq aparıldığı zaman bildiriblər ki, onlarla əməkdaşlıq etmədiyin üçün ağır ittiham irəli sürüləcək.

Təbrizdə dünyaya gələn Əhmədrza Calali 9 il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub. O, İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.///meydan.tv