Türkiyə Cümhüriyyəti və Mustafa Kamal Atatürk

Türkiyə Cümhüriyyəti və Mustafa Kamal Atatürk

29-10-2017 23:53 / Bu xəbər 4955 dəfə oxundu

Yadigar Sadıqov

Son illərdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fəaliyyəti tez-tez müzakirə mövzusu olur. Təbii ki, hər bir tarixi şəxsiyyət kimi Atatürk də müzakirə, təftiş və tənqid oluna bilər. Lakin bu müzakirələr zamanı bir çox halda tarixi faktlar tənqidçilər tərəfindən təhrif olunur, həqiqətə tamamilə zidd olan fikirlər səsləndirilir, Atatürkün xidmətlərini heçə endirməyə cəhd göstərilir. Bu səbəbdən də Türkiyə Cümhuriyyətinin növbəti ildönümündə tarixi faktları və öz baxışımızı oxucuların mühakiməsinə təqdim etməyi lazım bildik.

Osmanlının Birinci cahan savaşında məğlubiyyəti

4 ildən artıq sürən Birinci cahan savaşı 1918-ci ilin payızında sona çatdı. Türkiyədən savayı Almaniya, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu, tarixşünaslıqda "Mərkəz dövlətləri” adı ilə tanınan ittifaq Antanta və müttəfiqlərinə məğlub oldu. Oktyabrın 30-da Osmanlı dövləti qalib dövlətlərlə Mudros atəşkəs müqaviləsini imzaladı.

Atəşkəs müqaviləsindən çox qeyd-şərtsiz təslim aktını xatırladan Mudros müqaviləsinin şərtləri çox ağır idi.

Əslində Osmanlı dövləti öz ərazisi üzərindəki suveren hüquqlardan məhrum edilirdi. Dəniz limanları və tərsanələri, tunellər və dəmiryolları, Bosfor və Dardanell boğazları qalib dövlətlərin nəzarətinə keçirdi. Türk ordusu və donanması silahı yerə qoyub təslim olmalı idi. Qalib dövlətlər öz təhlükəsizliklərinə təhdid gördükləri istənilən ərazini işğal edə bilərdilər.

Ermənilərin iddia etdikləri şərqdəki 6 vilayətdə qarışıqlıq çıxardısa, Antanta dövlətləri oranı da işğal edə bilərdilər. Mudros müqaviləsinin 24-cü maddəsində göstərilən bu şərt ermənilərin sərbəst fəaliyyəti üçün şərait yaradır, türklərin əks-tədbir görmələrinin isə qarşısını alırdı.

Noyabrın 13-də İngiltərə, Fransa və İtaliya qüvvələri İstanbula qoşun çıxardılar. Bosfor və Dardanel boğazlarına nəzarət edən istehkamlar tutuldu. Mosul neft mədənləri, İskəndərun, Antep, Afyonkarahisar, Eskişehir, Maraş, Urfa, Kutahya, Samsun və Trabzon ingilislər tərəfindən, Zonquldak kömür mədənləri, Mersin və Adana fransızlar tərəfindən, Antalya, Kuşadası, Bodrum, Isparta, Marmaris və Konya italyanlar tərəfindən işğal edildi. Lakin bu, hələ tam deyildi.

1919-cu il yanvarın 18-də Parisdə işinə başlayan Sülh konfransı İzmir və çevrəsini yunanların tutmasına razılıq verdi. Mayın 15-də yunanlar İzmiri işğal etdilər. Əsrlərlə Osmanlı əsarətində olan yunanların müdaxiləsi türklərin qüruruna ciddi zərbə oldu. Məhz bu hadisə ilə türklərin müqavimət hərəkatı başladı.

Misaki Milli

Müqavimət hərəkatının başlanması və Misak-i Milli

1919-cu ilin əvvəllərində İngiltərə və Fransanın Ali komissarları Osmanlı hökumətinə bir nota təqdim edərək Şərqi Anadoluda kiçik partizan dəstələrinin fəaliyyət göstərdyini və xristianlara qarşı zorakılıqlar törətdiyini iddia etdilər. Notada bu hərəkətlərin qarşısı alınmazsa, qalib dövlətlərin həmin vilayətləri işğal edəcəyi bildirilirdi. Bu ultimatumun qarşılığında Osmanlı hökuməti Birinci cahan savaşının qəhrəmanlarından biri olan Mustafa Kamal Paşaya fövqəladə səlahiyyətlər verərək Şərqi Anadoluya göndərdi. Paşa bölgədə asayişi bərpa etməli, silahları toplayaraq nəzarət altında saxlamalı, partizan dəstələrini dağıtmalı idi. Lakin mayın 19-da Samsuna çıxan Mustafa Kamal tamamilə əks siyasət yürütməyə başladı. Samsundan Amasyaya hərəkət edən paşa iyunun 22-də Amasya bəyannaməsi deyilən sənədi paylaşdı. Türkiyə Qurtuluş savaşının ilk sənədi olan bu bəyannamədə ilk dəfə olaraq müqavimət göstərməyə çağrılır, hökmdarın deyil, millətin hegemonluğu irəli sürülür, vətənpərvər qüvvələrə səylərini birləşdirməyə çağırış edilirdi.

Bu dövrdə Türkiyənin müxtəlif ərazilərində hüquq müdafiə cəmiyyətləri (Müdafaa-i hukuk cemiyetleri) fəaliyyət göstərirdilər. Bu cəmiyyətlər öz bölgələrinin Osmanlı dövlətinin tərkibində qalması uğrunda mübarizə aparırdılar. Bu təşkilatların öncə Erzurumda (23 iyul – 7 avqust), sonra Sivasda (4-11 sentyabr) keçirilən konqreslərindən sonra vahid Anadolu və Rumeli hüquqları müdafiə cəmiyyəti yaradıldı. Mustafa Kamal Paşanın sədr seçildiyi cəmiyyət milli sərhədlər daxilində Türkiyənin bölünməzliyi prinsipini irəli sürdü.

1920-ci il yanvarın 12-də İstanbulda son Osmanlı Məclisi işinə başladı. Parlamentdə əksəriyyəti Mustafa Kamal paşanın başlatdığı müqavimət hərəkatının tərəfdarları təşkil edirdilər. Onlar parlamentdə Felah-i Vatan (Vətənin qurtuluşu) adlı qrup yaratdılar. Yanvarın 28-də bu qrupun təsiri ilə Məclis Misak-i Milli (Milli and) deyilən sənədi qəbul etdi. 6 maddədən ibarət sənədin əsas qayəsi ilk maddəsində əks olunmuşdu: Mudros müqaviləsi imzalanan zaman düşmən dövlətlərin işğalına məruz qalmış, əsasən ərəb çoxluğunun yaşadığı ərazilərin gələcəyi o bölgə əhalisinin sərbəst ifadə edilmiş rəyinə görə müəyyən ediləcəkdir. Bunun xaricində türk və İslam çoxluğunun yaşadığı bölgələr isə bölünməz və ayrılmaz bir tam sayılacaqdır.

Öncə gizli qəbul edilən bu sənəd fevralın 12-də ictimailəşdirildi və qalib dövlətlərin ciddi narahatlığına səbəb oldu. Antanta qüvvələri martın 16-da İstanbulu işğal etdilər. Məclisin 2 gün sonrakı toplantısı isə silah gücünə dağıdıldı, millət vəkillərinin bir qismi həbs edilərək Malta adasına göndərildilər. Sultan VI Mehmet isə Antantanın tələbi ilə aprelin 11-də Məclisin buraxıldığını elan etdi.

Son Osmanlı parlamentinin üzvlərinin bir qismi Anadoluya keçərək Mustafa Kamal paşaya qoşula bildilər. Aprelin 23-də Ankarada onların və yeni seçilənlərin iştirakı ilə yeni parlament - Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başladı. Mustafa Kamal Məclis başqanı, mayın 3-də isə həm də Baş nazir (icra vəkillər heyətinin rəisi) seçildi. Ankara şəhəri isə müqavimətin mərkəzi oldu.

Damad Fərid paşanın aprelin 5-dən rəhbərlik etdiyi Osmanlı hökuməti müqavimət tərəfdarları barədə "Padşahın əmrinə rəğmən istilaçılara qarşı dirənişə keçən milliyətçilərin öldürülmələri caiz olmaqla qalmayıb, hətta hər müsəlmanın dini borcudur. Bu yolda ölənlər şəhid, qalanlar qazi sayılır” yazılmış mətni fətva vermək üçün şeyxülislama təqdim etdi. Lakin şeyxülislam bu sənədi imzalamaqdan imtina edərək istefa verdi. O zaman fətvanı imzalamağa razı olan başqa birisi şeyxülislam təyin edildi. Verilən fətva əsasında hökumət Mustafa Kamal və tərəfdarları qanundan kənar elan edərək ölümə məhkum etdi.

Sevr xəritəsi

Sevr müqaviləsi

Mudrosda imzalanan sənəd müvəqqəti atəşkəs müqaviləsi idi. Osmanlı hökuməti yekun sülh müqaviləsində onun şərtlərini yumşaltmağa ümid edirdi. Onlar bu zaman ABŞ prezidenti Vudro Vilsonun hələ müharibə gedərkən bəyan etdiyi "On dörd prinsip”ə istinad edirdilər. Bu sənədin 12-ci maddəsində Osmanlı imperiyasının türklər yaşayan hissəsinə "təminatlı suverenlik”, digər xalqlara isə "muxtar inkişaf üçün sarsılmaz şərtlər” vəd olunurdu.

Lakin gerçəklik fərqli oldu. Qalib dövlətlər zəngin Osmanlı mirasını aralarında bölüşdürməkdə maraqlı idilər. Bu səbəbdən də Osmanlı ilə yekun sülh müqaviləsinin imzalanması xeyli ləngidi. Antanta və müttəfiqləri 1919-cu ilin yay və payız aylarında məğlub Almaniya, Avstriya və Macarıstanla sülh müqaviləsini imzaladılar. Osmanlı ilə sülh müqaviləsinin imzalanması isə 1920-ci ilin yayına qədər çəkdi.

Nəhayət, 1920-ci il avqustun 10-da Paris yaxınlığındakı Sevr şəhərciyində qalib dövlətlərlə Türkiyə arasında yekun sülh müqaviləsi imzalandı. 433 maddədən ibarət olan müqavilənin şərtləri olduqca ağır idi. Osmanlı dövləti İstanbul ətrafında kiçik çevrə istisna olmaqla Avropadakı bütün torpaqlarını, Yaxın Şərqi, Ərəbistan yarımadasını, Şimali Afrikanı itirirdi. Avropadakı torpaqlar Yunanıstana verilirdi. Yunanlar həm də İzmir və çevrəsini işğal edəcəkdilər. Burada 5 ildən sonra keçiriləcək referendum bölgənin sonrakı taleyini müəyyənləşdirməli idi.

Osmanlı dövləti Aralıq dənizinə çıxışını itirirdi. Anadolunun cənubu əsasən İtaliyanın nəzarətinə keçirdi.

Osmanlı hökuməti Şimal-Şərqi Anadoluda yaradılan Ermənistan dövlətini tanıyırdı. Bu dövlət Trabzon vasitəsilə Qara dənizə çıxış əldə edirdi. Sevr müqaviləsi sərhədlərini İngiltərə, Fransa və İtaliyanın müəyyənləşdirəcəyi kürd idarəçiliyinin yaradılmasını nəzərdə tuturdu. Bir il sonra kürdlər zəruri sayardılarsa, müstəqilliklərinin tanınması üçün Millətlər Cəmiyyətinə müraciət edə bilərdilər. İstanbul və Mərmərə dənizinin cənub sahilləri Osmanlı ərazisi kimi tanınsa da, burada, eləcə də boğazlarda beynəlxalq idarəçilik mövcud olacaqdı.

1914-cü ildə İttihad və Tərəqqi hökuməti tərəfindən ləğv edilmiş kapitulyasyonlar (Osmanlı ərazisində xarici tacirlərə xüsusi hüquqlar verən, dövlətin iqtisadi mənafelərinə ciddi problemlər yaradan öhdəliklər) Sevr müqaviləsinə görə qalib dövlətlərin vətəndaşları üçün yenidən bərpa edilirdi. Türkiyənin maliyyəsi müttəfiqlərin yaradacağı komissiya ilə idarə olunacaqdı. Ağır silahlara və donanmaya malik olmaq hüququndan məhrum edilən Türkiyə maksimum 50 minlik hərbi qüvvə saxlaya bilərdi. Onun da 35 minini asayişi qoruyan jandarmeriya təşkil edəcəkdi.

Sevr müqaviləsi əslində Türkiyənin yarı-müstəmləkə dövlətinə çevrilməsi demək idi. Şərtlərin ağırlığını belə bir fakt da sübut edir ki, Paris konfransında uzun müddət Osmanlı nümayəndə heyətinə başçılıq etmiş Ahmet Tefvik paşa müqaviləni imzalamaqdan imtina etmiş, İstanbula qayıdaraq vəzifəsindən istefa vermişdi. Bundan sonra sədrəzəm Damat Fərid paşa nümayəndə heyətinə şxsən rəhbərlik edərən Sevr müqaviləsini imzalamışdı.
Milli-azadlıq mübarizəsi qalib gəldikdən sonra Sevr müqaviləsini imzalayan nümayəndə heyəti "150-lər siyahısı”na salınmış, vətən xaini elan edilərək vətəndaşlıqdan məhrum edilmiş və Türkiyəyə girişlərinə qadağa qoyulmuşdu.

Qurtuluş savaşı

Türkiyə torpaqlarının işğalının başlaması ilə bəzi ərazilərdə müstəqil partizan dəstələri yaradılmışdı. Antepdə Molla Mehmet Karayılan, Maraşda Sütçü İmam, Urfada Ali Saipin rəhbərlik etdiyi dəstələr düşmənə qarşı savaşlarda müstəsna qəhrəmanlıqlar göstərdilər. Bu səbəbdən də 1921-ci ildə Antepə Qazi, 1973-cü ildə Maraşa Qəhrəman, 1984-cü ildə isə Urfaya Şanlı ünvanları verildi.

Sevr müqaviləsində göstərilən əraziləri tutmağa çalışan Ermənistanla müharibə də nisbətən asan oldu. 1920-ci ilin sentyabrın 24-dən dekabrın 2-ə kimi davam edən əməliyyatlarda Kazım Karabekir paşanın rəhbərlik etdiyi qüvvələr erməniləri tam məğlubiyyətə uğratdılar. Tərəflər arasında imzalanan Gümrü (Aleksandropol) müqaviləsinə əsasən Ermənistan Sevr müqaviləsinə görə ona çatacaq torpaqlardan imtina etməli, Cənubi Qafqazdakı ərazisi ilə kifayətlənməli oldu.

Qurtuluş savaşının əsas cəbhəsi isə şübhəsiz ki, Qərb cəbhəsində yunan müdaxiləçilərinə qarşı mübarizə idi. 1919-cu ilin mayında İzmiri tutan yunanlar 2 ay sonra ciddi müqavimətə rast gəlmədən nəzarətlərində olan ərazini xeyli genişləndirdilər. Şərqdə Uşak, Şimal Şərqdə isə Bursaya qədər ərazilər yunanların əlinə keçdi. Bu zaman hələ təşkilatlanma dövrünü yaşayan türk vətənpərvərlərinin müqavimət imkanları zəif idi.

1920-ci ilin martından başlayaraq yunanlar Anadolunun içlərinə doğru irəliləməyə başladılar. Müttəfiqlərindən hərtərəfli yardım alan yunanlara nisbətdə türklər ciddi çatışmazlıqlarla üz-üzə idilər. Buna görə də yunanların irəliləməsinin qarşısını almaqda çətinlik çəkirdilər. Lakin yunanlar da öz məqsədlərinə - rəqibin silahlı qüvvələrini darmadağın edərək müqaviməti qırmağa nail ola bilmirdilər. Mustafa Kamal paşanın bu dövrdə əsas xidməti öz qüvvələrini qoruyaraq intizamlı şəkildə geri çəkilməni təmin etməsi oldu.

1921-ci ilin avqustuna kimi davam edən döyüşlər nəticəsində yunanlar Ankara ətrafına qədər irəlilədilər.

Avqustun 23-də isə Sakarya döyüşü başladı. Ankaranı tutmaq uğrunda yunanların başladığı bu əməliyyat sentyabrın 13-nə qədər davam etdi. Məqsədinə nail olmayan və bütün qüvvələri tükənən yunanlar Sakarya çayının qərb sahilinə qayıtmağa məcbur oldular. Bununla da Qərb cəbhəsində fəal hərbi əməliyyatlar 1 ilə qədər durduruldu.

Sakarya döyüşünə görə Qazi titulu və marşal rütbəsi alan Mustafa Kamal 1 illik fasilədən öz hökumətinin mövqeyini və ordusunun təhcizatını yaxşılaşdırmaq üçün istifadə etdi. Diplomatik addımlar nəticəsində Fransanın neytrallığı təmin edildi. Afinada anti-ingilis meylli qüvvələrin hakimiyyətə gəlməsindən narazı qalan İngiltərə də yunanlara yardımını dayandırdı. Yunanlarla maraqları toqquşan İtaliya isə türklərə kömək etməyə başladı. Ən ciddi dəstək isə bolşevik Rusiyasından gəldi.

Moskvanın kamalçılara yardım etməsinin bir neçə səbəbi vardı. Bolşeviklər bir tərəfdən Antanta müttəfiqi olan yunanlardansa, imperializm əleyhinə savaşan türklərin qalib gəlməsində maraqlı idi. Digər tərəfdən, solçu görüşlər sərgiləyən Mustafa Kamalın bir gün kommunist olacağını da istisna etmirdi. Rusiyanın yardımında maraqlı olan marşal hadisələrin belə inkişafına ümidi ustalıqla dəstəkləyirdi. Nticədə, 1921-ci il ərzində Ankara hökuməti bolşeviklərdən 10 milyon rubl qızıl pul, 33 min tüfəng, 58 milyon patron, 327 pulemyot, 54 top və digər hərbi yardım aldı.

Digər cəbhələrdə təhlükəsizliyi təmin edən Mustafa Kamal 1922-ci ilin yayında bütün qüvvələrini Ankara ətrafına topladı. Avqustun 26-da türk tarixşünaslığında "büyük taarruz” adlanan genişmiqyaslı hücum əməliyyatı başlanıldı. Yunanların müqaviməti demək olar ki, dərhal qırıldı, iri hərbi qüvvələri mühasirəyə düşdü. O cümlədən yenicə baş komandan təyin olunmuş general Trikopis əsir alındı. Maraqlıdır ki, Trikopis əsir düşərkən öz təyinatından hələ xəbərsiz idi, baş komandan təyin olunmasını türklərdən eşitdi.

Taarruz olduqca uğurlu şəkildə davam edirdi. Yunanların ilyarım ərzində tuta bildikləri ərazilər 2 həftə ərzində təmizləndi. Artıq sentyabrın 9-da İzmir türklərin əlinə keçdi. Oktyabrın 11-də Mudanyada yeni atəşkəs müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən yunanlar təkcə Kiçik Asiyada deyil, Şərqi Frakiyada (indiki Türkiyənin Avropa ərazisi) da ərazi iddialarından vaz keçdilər.

Türkiyə Cümhuriyyəti

Lozanna müqaviləsi

Qurtuluş savaşından sonra Türkiyədə ikihakimiyyətlilik hökm sürürdü. Həm Ahmet Tevfik paşanın sədrəzəm olduğu Osmanlı hökuməti, həm də Mustafa Kamal paşanın rəhbərlik etdiyi hökumət mövcud idi. Antanta dövlətləri Türkiyə ilə yekun sülh müqaviləsini imzalamaq üçün hər iki hökumətin nümayəndələrini İsveçrənin Lozanna şəhərində başlayacaq konfransa dəvət etmişdilər. Lakin noyabrın 1-də TBMM-nin qəbul etdiyi qərarla Osmanlı monarxiyasına son qoyuldu, Ahmet Tefvik paşa hökuməti də istefa verdi.

Noyabrın 11-də başlayan Lozanna konfransında Türkiyə heyətinə xarici işlər naziri İsmət paşa (sonralar İnönü soyadını götürəcəkdir) rəhbrlik edirdi. Qarşı tərəfdən Böyük Britaniya, Fransa, Yunanıstan, Rumıniya, Yaponiya və Serb, xorvat, sloven krallığı (1929-cu ildən Yuqoslaviya) iştirak edirdilər. ABŞ təmsilçiləri müşahidəçi statusunda iştirak edirdilər. Birinci cahan savaşında məğlub dövlət sayılan Bolqarıstan və Rusiyanın yalnız Qara dəniz boğazları məsələsinin müzakirəsində iştirak hüquqları vardı.

Lozannada konfrans heç də asan keçmədi. 8 aydan çox çəkən danışıqlardan sonra 1923-cü il iyulun 24-də sülh müqaviləsi imzalandı. Bu müqavilə ərəblərin yaşadığı ərazilərin ayrılmasını təsdiqlədi. Sevr müqaviləsi ilə müqayisədə Ermənistan və Kürdüstan kimi nəzərdə tutulan ərazilər də daxil, bütün Kiçik Asiya yarımadası Türkiyə dövlətinin ərazisi kimi tanındı. Avropada Şərqi Frakiya (indiki Edirne, Kırklareli və Tekirdağ vilayətləri)Türkiyəyə qaytarılmaqla Maritsa (türkcə: Meriç) çayı sərhəd kimi tanındı.

Müqavilə kapitulyasyonları və Sevr müqaviləsində nəzərdə tutulan Türkiyə üzərində beynəlxalq maliyyə nəzarətini ləğv etdi. Osmanlı borcunun təkcə Türkiyənin deyil, Osmanlı dövlətinə daxil olmuş və indi müstəqillik qazanmış dövlətlərin də ödəyəcəyi qərara alındı. Qara dəniz boğazları hərbsizləşdirilir, istər müharibə, istərsə də dinc dövrdə müəyyən şərtlər daxilində ticari və hərbi gəmilər üçün açıq elan edilirdi (1938-cı ildə İsveçrənin başqa bir şəhərində, Montrödə imzalanan müqavilə ilə boğazlar üzərində Türkiyənin suverenliyi bərpa edildi).

Lozanna müqaviləsi Türkiyə və Yunanıstan arasında əhali mübadiləsini nəzərdə tuturdu. Bu şərtə əsasən İstanbul istisna olmaqla Türkiyədə yaşayan yunanlar Yunanıstana, Yunanıstanda yaşayan müsəlmanlar Türkiyəyə köçürülürdülər. Məcburi olan bu mübadilə nəticəsində 1,2 milyon yunan, 500 min müsəlman köçürüldü.

Lozannada həll edilməyən ərazi problemlərindən Mosul və Hatay məsələsi qalırdı. Mosul sorunu bir müddət Türkiyə və İngiltərə münasibətlərini xeyli kəskinləşdirdi və hətta hərbi konflikt astanasına gətirdi. Nəhayət, 1926-cı ildə Ankarada imzalanan müqaviləyə əsasən, Türkiyə Mosul neftindən 25 il ərzində 10% pay almaq şərtilə vilayəti İraq ərazisi kimi tanıdı. Hatay isə Vilayət Məclisinin qərarı ilə 1939-cu ildə Türkiyəyə birləşdi. 
Beləliklə, Türkiyə Lozannada və sonrakı illərdə Misak-i Milli xəritəsində göstərilən əraziləri böyük ölçüdə geri qaytarmağa nail oldu. Bu sırada İraqa qatılan Hələb, Mosul, Kərkük və Ərbil şəhərlərinin yerləşdiyi ərazi, Qafqazda Batum şəhəri, Aralıq dənizində Kipr adası, Egey dənizindəki adalar, Avropada isə Saloniki şəhərinin ətrafı və Maritsa çayından şimaldakı bəzi ərazilər istisna təşkil etdi.

Milli-azadlıq hərəkatındakı hərbi qələbənin Lozannada tanınmasından 3 ay sonra, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Mustafa Kamal paşa isə millət vəkilləri tərəfindən Cümhuriyyətin ilk prezidenti seçildi.

Atatürk

Vəfatına qədərki 15 il müddətində Türkiyə Cümhuriyyətinin prezidenti olmuş Mustafa Kamal paşanı bəzi cəhətlərinə - dalbadal və alternativsiz prezident seçilməsi, təkpartiyalı sistem qurması, kürdlərin milli hüquqlarını tanımaması və s. – görə tənqid etmək mümkündür. Lakin Birinci cahan savaşından sonrakı dövrdə Türkiyəni yarı-müstəmləkə olmaqdan qurtulması, beynəlxalq aləmdə tamhüquqlu və ləyaqətli subyektə çevrilməsi, etnoqrafik sərhədlər çərçivəsində ərazi bütövlüyünün təmini uğrunda mübarizəsinə kölgə salmaq cəhdi obyektivlikdən çox uzaq olur. 1934-cü ildə Türkiyədə soyadlar haqqında qanunun qəbulundan sonra TBMM tərəfindən Atatürk soyadı verilən Qazi Mustafa Kamal paşa bu soyadı tamamilə haqq edirdi. O, doğrudan da, Türkiyənin müstəqilliyinin, Cümhuriyyətin atası hesab olunurdu.

Meydan.tv