Vəkil Elçin Sadoqov barəsində intizam icraatına başlanılıb

Vəkil Elçin Sadoqov barəsində intizam icraatına başlanılıb

15-09-2018 02:51 / Bu xəbər 2120 dəfə oxundu

"Həm konfidensial görüşüm dinlənilib, həm də barəmdə intizam icraatı başlanılıb”

Vəkillər Kollegiyası vəkil Elçin Sadıqov haqqında intizam icraatına başlayıb. Bu barədə vəkilin özü "Facebook” səhifəsində məlumat paylaşıb. Elçin Sadıqovun sözlərinə görə, Vəkillərin İntizam Komissiyasının üzvü Sərdar Qasımov zəng edərək, onu Vəkillər Kollegiyasına dəvət edib.

"Həftənin birinci günü konfidensial görüşün dinlənilməsi və onun əsasında Baş Prokurorluğun şikayəti ilə tanış olmağım üçün Vəkillər Kollegiyasına dəvət olunmuşam. Bax belə, həm konfidensial görüşüm dinlənilib, həm də barəmdə intizam icraatı başlanılıb”, – deyə vəkil vurğulayıb.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkilidir. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirmişdi.

L.İsmayılova müraciətində deyir:

"4 sentyabr 2018-ci il tarixdə artıq hədələr açıq-aşkar gəlməyə başladı və 5 sentyabr 2018-ci ildə Baş Prokurorun birinci müavini tərəfindən imzalanmış qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edildi. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib, vəkilin oğluma məsləhətlərini dinləyib və vəkilin oğluma məsləhətləri Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb.

Birincisi vəkil oğluma belə bir məsləhət verməyib, ikincisi oğlum Elçin Sadıqovun onu peşəkar dərəcədə müdafiə edəcəyinə ümidləri yaranaraq işgəncəyə məruz qalması barədə faktiki olaraq doğru olan ifadə verib.

Prokurorluğun qərarından belə çıxır ki, onlar Bakı İstintaq Təcridxanasında bütün otaqları dinləyirlər və faktiki olaraq konfedensial olmalı olan görüşün lent yazılarını əldə edirlər və vəkilin məsləhətləri onların xoşuna gəlməyəndə onu işdən kənarlaşdırırlar və hatta Vəkillər Kollegiyasına şikayətlə müraciət edirlər. Bu yolla da ölkədə kazarma vəkilliyinin formalaşmasını təmin edirlər”.