''Yolçəkənlər evimi qəzalı vəziyyətə saldılar''

''Yolçəkənlər evimi qəzalı vəziyyətə saldılar''

11-09-2018 17:06 / Bu xəbər 2462 dəfə oxundu

Ucar sakini evinin çat verdiyini deyir

"Evimizin yaxınlığından kənddaxili yol çəkilir. İş zamanı ağır texnikadan düzgün istifadə edilməməsinə görə yola 30 metr uzaqlıqda olan evimiz qəzalı vəziyyətə düşüb".

Ucar rayonunun Qazyan kəndinin sakini Mirkərim Cəfərov belə deyir. 

O, Meydan TV-yə bildirib ki, yol çəkilişində ağır tonnajlı texnikadan istifadə edilib. Evlərinin qəzalı vəziyyətə düşməsinin səbəbi həmin texnikadan düzgün istifadə edilməməsidir: "Düzdür, çiy kərpicdən tikilmiş kənd evidir. Guya kənddə kim evini betonla tikdirir ki? Kənd evlərinin 95 faizi çiy kərpicdən tikilir. Bunu nəzərə almalı idilər. Hər xırdalıq düşünülməlidir. O yolu çəkənlər Fransadan gəlməyiblər ki, bu ölkənin vətəndaşlarıdır də. Onlar bilmirlər kənd yerlərində camaat necə yaşayır, evlərini nədən tikir? Texnikadan düzgün istifadə etməmələri nəticəsində evimi qəzalı vəziyyətə salıblar. Necə ediblər, zəhmət çəkib elə də düzəltsinlər".

M.Cəfərov deyir ki, problemi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN), Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya və yerli icra hakimiyyətinə müraciət edib: "Şikayətimə baxan yoxdur. Daha doğrusu, baxıb, öz xeyirlərinə qərar çıxarıblar. Deyirlər ki, guya bizim evimiz zəlzələ zamanı dağılıb. Ucarda sonuncu dəfə 8-10 il əvvəl olub zəlzələ. Onun bura nə dəxli? Açıq-aydın görünür ki, çatlar hamısı yenidir. Özü də bizim ev köhnə deyil axı. Son 10 ildə tikilib. 40 santimetr barısı var. Yol çəkilişləri bizim evin həndəvərinə çatanadək salamat idi. Heç bir çatı yox idi. İyulun 11-də başladılar yol çəkilişlərinə. Ondan sonra yarandı çatlar. Hələ bir utanmadan da zəlzələnin boynuna atırlar. Lap zəlzələdir, təbii fəlakətdir, onda da bir əncam çəkməlidirlər axı".

Şikayətçi əmindir ki, yol çəkilişini həyata keçirən insanlar ağır texnikadan düzgün istifadə etməyiblər: "Azdan-çoxdan başımız çıxır, bilirik. Texnikanın hissələri də sıradan çıxmışdı. Düzgün istifadə edilməyən ağır texnika torpaqda zəlzələ effekti yaradıb və nəticədə mənim evim zərər görüb. İndi burada mənim nə günahım var? Mən deməyim, siz deyin. Yol çəkilişinədək bizim evimizdə ən xırda bir çat da yox idi. İndi isə həm çöldə, həm içəridə çat əmələ gəlib".

Yol Ucarın Qazyan kəndinin bir hissəsindən digər hissəsinə çəkilir. Kənd böyükdür, ərazisi də genişdir.

Kəndin sakinləri daha öncə Meydan TV-yə yollarının bərbad olduğundan şikayətlənmişdilər. Yolların asfalt yox, torpaqdan olduğunu, yayda toz, qışda palçıq əlindən tərpənə bilmədiklərini söyləmişdilər:

"Dünənə qədər yollar bərbad gündə idi, əziyyət çəkirdik. İndi bir problemi düzəldək deyib, başqa problemə yol açırlar. Şikayətimi də kimə edirəm, deyirlər, bizlik deyil. Ümumiyyətlə, onların evlərin yaxınlığında o cür texnikadan istifadə etmələri də doğru deyil. Kənd evləridir də hamısı. Titrəmədən və sarsılmadan çatlar yarana bilər".

Ucar Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, əgər vətəndaş onlara müraciət ünvanlayıbsa, buna mütləq baxılacaq: "Sadəcə, ola bilər ki, həmin gün baxılmayıb. Növbəti həftələr ərzində mütləq cavab verilər. Müraciətlər adətən çox olur. Biz onları aidiyyatı qurumlara yönləndiririk. Həmin vətəndaşın şikayəti evinin qəzalı vəziyyətə düşməsi ilə bağlıdırsa, o zaman icra hakimiyyətinin tərkibindəki Fövqəladə Hallar Komissiyasına yönləndiriləcək. Onlar da nazirliyə məlumat verəcək. Beləcə əgər ev həqiqətən də qəzalı vəziyyətdədirsə, həmin şəxsə kömək ediləcək".