''Kanal 13'' bloklandı

''Kanal 13'' bloklandı

18-12-2017 18:12 / Bu xəbər 2155 dəfə oxundu

"Kanal 13" internet televiziyasının saytına - kanal13.tv domeninə giriş məhdudlaşdırılıb. 

Azərbaycanda bu sayt bloklanıb. Bu haqda AzadlıqRadiosuna kanalın həbsdə olan rəhbəri Əziz Orucovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, məsələ ilə əlaqədar Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ilə müraciət ediblər. 

Nazirlikdən bildirilib ki, onlar bu sayta girişin məhdudlaşdırılması istiqamətində heç bir addım atmayıblar.

C.Cavadov nazirliklə yanaşı, bu qurumun tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzinə də müraciət edib. Mərkəzdən də bənzər cavab verilib. Bildirilib ki, onlar kanal13.tv saytı ilə bağlı heç bir məhdudlaşdırıcı addım atmayıblar.

"Belə çıxır ki, kanal13.tv saytına Azərbaycandan giriş qanunsuz olaraq provayderlər tərəfindən məhdudlaşdırılıb. İnternet resursuna girişin məhdudlaşdırılmasının əsasları və qaydası "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda nəzərdə tutulub. Qanuna görə, məhdudlaşdırılma səlahiyyəti məhz müraciət etdiyimiz nazirlikdədir. Onlar da deyir ki, bizlik deyil. Ona görə də biz bütün internet provayderlərə də müraciət etmişik, görək onlar nə cavab verəcək", – C.Cavadov bildirib.

Vəkil deyir ki, ölkənin aparıcı internet provayderi olan "Delta Telekom" MMC-yə bir ay öncə sorğu göndəriblər, amma bu günə qədər cavab almayıblar: "Girişi qanunsuz olaraq məhdudlaşdırılmış kanal13.tv saytına Azərbaycandan sərbəst girişin bərpası üçün mümkün tədbirləri görəcəyik".

"Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucov 2017-ci ilin mayından həbsdədir. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 6 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb. Jurnalist Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qrant layihələrinin icrası, o cümlədən ayrılmış maliyyənin xərclənməsində suçlanır. Buna görə Ə.Orucova CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Ə.Orucov ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. Almaniyada yaşayan qardaşı Anar Orucov bəyan edir ki, Azərbaycan hökumətini tənqid etdiyinə, siyasi məhbusların azadlığa buraxılması tələbi ilə xaricdə keçirilən etiraz aksiyalarında iştirakına görə onun əvəzinə qardaşını cəzalandırıblar.///azadliq.org