Aslan İsmayılova cinayət işi açılıb

Aslan İsmayılova cinayət işi açılıb

16-10-2017 16:55 / Bu xəbər 3198 dəfə oxundu

Hüquqşünas Aslan İsmayılova qarşı cinayət işi açılıb. Bu barədə onun özü "Facebook” səhifəsində məlumat yazıb. 

Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. 

Hüquqşünas deyir ki, oktyabrın 16-da, saat 15.00-da Polis İdarəsində dindirmədə olacaq. Aslan İsmayılov bunu özünə qarşı təxribat kimi qiymətləndirir:

"Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq, haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim.

Bu günə qədər dediklərimi bir daha təkrarlayıram. Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər heç bir dəstədə olmamışam. Bütün varlığımla hakimiyyət üçün deyil, dövlətim üçün çalışmışam və bundan sonra da çalışacam. Məni həbslə qorxutmaq, tutduğum yoldan çəkindirmək istəyənlərə də bir daha bildirirəm, Azərbaycan mənim Vətənimdir və burada baş verən qanunsuzluqlara, biabırçılıqlara özümü cavabdeh saymışam və sayacam. Bugünə qədər, nə qədər çətin olsa, ittihamlara məruz qalsam da, hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam, bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam. Sadəcə həbsimlə mənə hərəkətlərimdə daha çox azadlıq verəcəksiniz. Bilin, nəinki həbsim, ölümüm də məni oğru, quldurların qarşısında əyməyəcək”.

Respublika Prokurorluğu məsələ ilə bağlı məlumat verməyib.

A.İsmayılov 1986-1989-cu illərdə Rusiyada Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996-cı ildə "Viza” hüquq firmasını, 2006-cı ildə "Aslan İsmayılov və partnyorları” vəkil bürosunu təsis edib.