"Azadlıq"ın müxbiri azad edilmədi

09-01-2018 20:32 / Bu xəbər 1822 dəfə oxundu

Şirvan Apellyasiya Məhkəməsi "Azadlıq” qəzetinin həbsdəki bölgə müxbiri Ziya Əsədlini azadlığa buraxmaqdan imtina edib.

Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, onların apellyasiya şikayəti əsaslı sayılmayıb.

Vəkilin deməsinə görə, bu gün, yanvarın 9-u keçirilən məhkəmə iclasında müdafiə tərəfi Z.Əsədliyə qarşı ittihamın və aşağı məhkəmənin hökmünün əsassız olduğunu bildirib. 

Məhkəmədən jurnalist barəsində bəraət qərarı verilməsi istənilib.

Ancaq hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin tələblərini rədd edib.

Vəkil Elçin Sadıqov qərarla razı olmadıqlarını bildirib. Məhkəmə qərarı təqdim edildikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini söyləyib.

”Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli ötən il sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu həbs olayı ilə bağlı ilk dəfə Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yayıb. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub.

"Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli guya telefonu onun başına vurub”, – o, demişdi.

Məhkəmədə jurnalistin yox qarşı tərəfin dedikləri əsas götürülüb.

Yusif Mehdixanlı bildirmişdi ki, hələ bir müddət öncə yazılarına görə, jurnalistə "torba tikiləcəyi” ilə bağlı xəbərdarlıq edib. O isə yazılarına davam edib.

Ziya Əsədliyə CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham olunub. Məhkəmə ona 3 il həbs cəzası verib.

Vəkili və ictimai fəal Yusif Mehdixanlınin açıqlamasına, hələlik, Biləsuvar rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb.