''Banklar dollar kreditləri ilə bağlı mümkün güzəştləri etməlidir''

''Banklar dollar kreditləri ilə bağlı mümkün güzəştləri etməlidir''

24-09-2018 16:04 / Bu xəbər 2119 dəfə oxundu

Deputat Vahid Əhmədov xarici Konstitusiya Məhkəməsinin qərarını şərh edib

"Manatın iki dəfə devalvasiyaya uğraması xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib. Bununla əlaqədar mənə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 24-də keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Konstitusiya Məhkəməsinin xarici valyuta ilə götürülmüş kreditlərin qaytarılması qaydası haqqında qərarını şərh edən komitə üzvü bildirib ki, bir neçə gün əvvəl xarici valyutada götürülən kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin verdiyi qərara əsasən, əhali kreditlərini yeni məzənnə ilə ödəməlidir. O vurğulayıb ki, bu, çox ciddi məsələdir və vətəndaşları narahat edir.

Deputat hesab edir ki, banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər: "Bu məsələni gündəmə gətirməyin vaxtı gəlib çatıb. Əlbəttə, problemli kreditlərlə bağlı məsələni mən Milli Məclisin plenar iclasında da qaldıracam. Sizdən də xahiş edirəm ki, bu məsələlərlə əlaqədar müəyyən işlər görülsün”.

Sentyabrın 21-də Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

2015-ci ilin dekabr və 2016-cı ilin fevral aylarında Azərbaycanda kəskin devalivasiya olub. Manatın xarici valyutalar qarşısında məzənnəsi 100 faizədək ucuzlaşıb. Bu isə banklardan xarici valyutada kredit götürənlərin ödəmə qabiliyyinə mənfi təsir göstərib. Bu səbəbdən böyük məbləğdə problemli kreditlər yaranıb.

Konstiusiya Məhkəməsi isə iki dəfə məsələyə baxs da, hər ikisində bankların xeyrinə qərar çıxararaq, vərəndaşların krediti götürdükləri valyuta məzənnəsi ilə ödənməsi barədə qərar verib.///Meydan.Tv