"Bir oğlumu şərlədilər, biri də ölkəni tərk etdi" - İman Əliyev

17-12-2017 02:28 / Bu xəbər 4520 dəfə oxundu

İman Əliyev
Müsavatın Lənkəran təşkilatının sədri 

Bu gün bölgələrdə müxalifətin hansı təzyiqlərə məruz qaldığı hər kəsə bəllidir. Repressiya dalğası bütün ölkə boyu davam edir. Bu dalğa Müsavatın Lənkəran Təşkilatından da yan keçməyib. Əqidədaşlarım da, mən də, ölkənin gələcəyini düşünən sadə vətəndaşlardan tutmuş ziyalısına qədər - hər kəs bölgələrdə ağır şərtlər altında yaşayır... 

Düzdür, mübarizə aparmaq taleyimizə yazılıb, çünki hər bir duyarlı vətəndaş kimi mən də 1988-ci il Xalq Hərəkatı başlayanda ölkənin qurtuluşun mübarizədə görürdüm. Baxmayaraq ki, mağaza müdiri  işləyirdim. Vətənini, xalqını sevən insan kimi mübarizəyə qoşuldum. Bu yolda hər şeyimi qurban verməyə razı oldum, verdim də. 

Bütün həyatımı unutdum. Beynimdə bir şey vardı: millət, vətən, xalq.

Hətta Qarabağ döyüşlərinə maddi yardımımı da əsirgəmirdim. Bacardıqca orduya, əsgərlərə, əsgər ailələrinə dəstək olmağa çalışırdım. 

1988-ci il meydan hadisələrindən sonra dövlət strukturlarında mənə olan təzyiqlərə cavab olaraq, deyirdim: nə etmişəmsə xalqıma, vətənimə görə etmişəm. Heç kimdən, heç nədən çəkinmirəm.

Çox sağlam səbrli, sakit insan olsam da, 1990-cı il yanvar qırğınından sonra əsəblərimə hakim ola bilmirdim. Xalqıma qarşı edilən haqsızlığı həzm edə bilmir, digər tərəfdən isə hakimiyyət orqanları tərəfindən çox saylı təzyiqlərə məruz qalırdım...

Əsas amalım xalqımı azad, firavan, öz ölkəsinin, öz sərvətinin sahibi görmək idi. İstəyirdim xalqım hakimiyyətin mənbəyi olsun. Öz dövlətin qurub, ədalətli cəmiyyətdə yaşasın. Buna görə 1992-ci ildə Müsavat Partiyasının üzvi, Liman özəyinin sədri oldum. Öz arzularımı Müsavat ideyalarında və bu ideyanın daşıyıcıları olan, müstəqil fikirli, bir simalı, mərd, mübariz, xalqı sevən, vətənpərvər, sağlam düşüncəli insanlarda görürəm...

2011-ci ildən Müsavat Partiyası Lənkəran Təşkilatının sədriyəm.  Sağlam, ədalətli,  demokratik  cəmiyyət uğurunda  mübarizə aparıram. Ölkənin qurtuluşunu  xalqın özündə, oyanışında, siyasiləşib təşkilatlanmasında, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, haqsızlığa qarşı mübariz, tələbkar olmasında, hakimiyyətin xalqın  qulluqçusu olmasını dərk etməsində görürəm. Çünki güclü müxalifət olan ölkədə hüquqi dövlət, ədalətli cəmiyyət olur.

Müxalifətin gücü xalqdadır. Xalq ayaqda durduqca, demokratik seçki də olur, azad cəmiyyət də...

Kiməsə hesabat vermirəm, heç özümü də təqdim etmirəm, amma oxucu bilsin ki, azad və hürr yaşamaq üçün nə qədər ağır olsa da, mübarizə aparmaq lazımdır. Bu gün hakimiyyət məni  bu yoldan çəkindirmək üçün özümə və övladlarıma zərbələr vurur. Məsələn, bir çoxları bilirdi ki, böyük  oğlum  Əliyev Pərviz İmanverdi oğluna qarşı işində çoxlu haqsızlıqlar edilirdi...

2016-ci  il  Liman hadisələrinə görə həbsimin sabahı günü oğlum Əliyev Pərvizi şərləyib işdən çxartdılar. Onu hətta ləkələmək istədilər. Baxmayaraq ki, mən heç bir qanunsuzluğa yol verməmişdim. Yalnız müsahibələr verib hakimiyyətin fəaliyyətin tənqid etmişdim.

İkinci oğlum Əliyev Emil İmanverdi oğlu Lənkəran Dövlət Univerisitetinin Ekologiya fakültəsini bitirib. İdman ustası idi. İdman məktəbində məşqçi, ekologiya idarəsində məsləhətçi işləyirdi.

Tələb edirdilər ki, özün və atan Müsavat Partiyasından çıxmalısınız. İdman məktəbində işdən çıxartdılar. Oğlum Əliyev Emilə hakimiyyət  tərəfindən  edilən haqsızlıqlara  görə ölkəni tərk etmək məcburiyyətində qaldı.

Müsavatın Lənkəran Təşkilatına qarşı repressiyalar o həddə çatdı ki, fəaliyyətimizi məhdudlaşdırmaq üçün qərargahımızın qapısını daşla hördülər. Bütün avadanlıqlar içəridə qaldı. 

Təşkilatın yığınacağını artıq evimdə keçirirəm. Amma bir neçə gün öncə mətbuata dediyim kimi, yerli hakimiyyət orqanları maneələr törədir. İcra başçısının müavini gəlib evimin, həyətimin şəklini çəkib getdi. 

Biz üçrəngli bayraqımızı qaldırıb azadlıq uğurunda  mübarizə aparanda bayrağı əlimizdən alıb ayaqlar altına atan, bizi təhqir edən şəxslər və ya  övladları bu gün vəzifədə oturublar. Bizə yenə həmin köhnə münasibət bəsləyirlər. Fərq yalnız ondadır ki, həmin adamlar üçrəngli  bayrağımızı masalarının üzərinə  qoyur, bütün qanunsuzluqları bizim qaldırdığımız bayrağın altında edirlər. 

Övladlarıma iş vermirlər, təzyiqə məruz qoyurlar deyə artıq onlar da bir tikə çörək qazanmaq üçün ölkəni tərk edir, müxtəlif ölkələrə üz tuturlar. Onlara "getməyin" deyə də bilmirəm. Vəziyyət ağırdır, hətta yanımda olan oğlum da ölkəni tərk etmək məcburiyyətində qalıb.  

Ağrıdıcıdır. Biz əli yalın rus tanklarına qarşı vuruşub azadlıq gətirmədik ki, övladlarımız haqsızlıqlara görə ölkəni tərk etsinlər, sevdiyimiz, canından keçdiyimiz vətənimizdən didərgin düşək. Lənkəranın azadlığı uğrunda çalışan, rus tanklarının qarşısına sinəsini verən insanların övladları Rusiyanın ucar çöllərinə üz tutsunlar...

Ətrafımıda olan insanlara belə, təzyiqlər edirlər ki, bizimlə əlaqəni kəssinlər. Son təzyiqlərdən sonra hətta insanlar salamlaşmağa belə  qorxurlar. Bütün bunları niyə yazdım. İki gün öncə İcra Hakimiyyətindən zəng edərək özümü və oğlumu hədələdilər, təhdid etdilər... Reallıq budur. 

Mən yalnız bir bölgədəki gerçək durumu yazdım, indi siz düşünün, görün ölkə boyu vəziyyət necədir... 

Görəsən, bu yolla hara gedirik?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Qarşı tərəfin də möveyini dərc etməyə hazırıq. 

XATIRLATMA

Dekabrın 2-də Müsavat Partiyası Lənkəran rayon təşkilatın sədri İman Əliyev yerli icra hakimiyyəti orqanları tərəfindən təzyiqə məruz qaldığını bildirib. 

Arqument.Az-a açıqlama verən İman Əliyev qeyd edib ki, noyabrın 26-da Liman şəhərində Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransı keçirilib. Bundan sonra Liman şəhər polisinə çağrılıb. Polisə isə icra başçısı şikayət edib: "Polis rəisini Lənkərana çağırdıqları üçün görüş yarımçıq qalıb. Çağırışa səbəb Liman icra hakimiyyəti başçısının keçirdiyimiz yığıncaqla bağlı polisə şikayət etməsi olub”.

İman Əliyev vurğulayıb ki, noyabrın 30-da Liman icra hakimiyyəti başçısının müavini Fərid Novruzov onlara gələrək evinin, həyətinin və dükanının şəklini çəkib: "Gəlib evimin, dükanımın və həyətimin şəklini çəkdi. Səbəbini soruşdum, heç nə demədi. Görünür, nəsə yeni planları var".

Onun sözlərinə görə, bütün bunlar siyasi fəaliyyətinə görədir: "Bir neçə gün öncə polisə çağırıldım. Rayon təşkilatının konfransı evimdə keçirilmişdi. Qərargahımızı əlimizdən aldılar, normal fəaliyyət göstərməyimizi əngəllədilər. Məcbur qalıb tədbirləri evdə keçiririk. İndi də bu yola əl atıblar, siyasi fəaliyyətimizə görə bizə basqı edirlər".

O bildirib ki, təzyiqlər noyabrın 26-da partiyanın rayon təşkilatının konfransının evində baş tutmasından sonra daha da kəskin xarakter alıb: "Konfrans evimdə oldu. Bizə tədbirləri keçirtmək üçün yer vermirlər. O gündən mənə və partiya üzvlərinə təzyiqlər artıb. 36 il bir təşkilatda işləmişəm. Əmlak payı kimi yolun kənarında olan köhnə ticarət obyektini almışam. Alandan sonra təmir etmişəm, buna çoxlu pul xərcləmişəm. Hamısını da qanuni yolla etmişəm. Ailəmi bu ticarət obyektinin hesabına saxlayıram. Gəlib həmin mağazanın və evimin həyətini çəkdilər. Belə başa düşürəm ki, mənə yeni problemlər yaradırlar”.

İcra başçısının müavini Fərid Novruzov isə məlumatı təkzib edib: "Məni bu işlərə qatmayın. Mən heç kəsin nə evini, nə də həyətini çəkmişəm. Məlumat doğru deyil".

İman Əliyev isə icra hakimiyyəti başçısının müavininin dediklərini həqiqətəuyğun saymayıb.