Deputat oğlunun şərti: "Qazancının yarısı mənim olmalıdır"

Deputat oğlunun şərti:

21-09-2018 11:25 / Bu xəbər 2156 dəfə oxundu

Zərərçəkmiş istintaqdakı ifadəsini təkzib etməyib

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı hallanan dələduzluqla bağlı məhkəmə prosesi sentyabrın 20-də davam etdirilib. H.Axundovun dostu, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilən Elnur Axundovun məhkəməsində zərərçəkmiş və şahidlər ifadə verib.

Rauf Bəşirov bildirib ki, 2009-2013-cü illərdə Yasamalda çay evi işlədib, deputatın oğlu ilə də orada tanış olub. Dediyinə görə, H.Axundov vasitəsilə tanıdığı E.İbrahimova 2012-ci ildə ilk dəfə 8 min manat, ümumilikdə isə 20 min pul verib. E.İbrahimov da hər həftə gətirib ona pul verib: "O, pulu iş qurmaq adı ilə almışdı. Demişdi ki, ucuz yolla katric alıb satır. Mən də pul verdim, çünki qazanc əldə etmək istəyirdim. Mənə bu işi Həbib deməyib, özüm girişmişəm. Dost-tanış da pul vermişdi, qazanc götürürdü".

R.Bəşirovdan soruşublar ki, istintaqdakı ifadəsini təsdiqləyir? "Bəli" cavabını verib. Həmin ifadədə isə o, Elnurla birgə işə H.Axundovun təklifilə pul qoyduğunu bildirib. Onun ifadəsinə əsasən, H.Axundov onun qarşısında şərt də qoyub. Şərt isə beləymiş ki, həftəlik qazancın yarısını H.Axundova verməliymiş. İfadədə qeyd olunur ki, Elnurun həftəlik qazanc olaraq, ona verdiyi 600 manatın 300 manatını o da deputat oğluna verib.

R.Bəşirov bu ifadəni təkzib etməyib. Bildirib ki, bir çox məsələləri xatırlamır.

H.Axundov da şahidin ifadəsinə münasibət bildirib. O deyib ki, R.Bəşirov özü E.İbrahimovla işləmək istəyib: "Rauf gəlib dedi ki, hamı Elnurla işləyib pul qazanır. Məni də o işə qoş, pul qazanım. Mən də Elnurdan xahiş etmişəm".
Daha sonra Orxan Xanbalayev ifadə verib. O, E.İbrahimova 50 min manat pul verdiyini deyib.

İttihamda yazılıb ki, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini katric biznesi qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

H.Axundov da bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Cinayət işində E.İbrahimovun H.Axundovun 100 min manat pulunu ələ keçirdiyi qeyd edilir.

H.Axundovla E.İbrahimov dost olublar. Hətta sosial şəbəkələrdə toyda E.İbrahimovun Elmira Axundova və oğlu ilə birlikdə rəqs etdiyi görüntülər də yayılıb.

E.İbrahimovun işindəki zərərçəkmişlər pullarının mənimsənilməsinə görə H.Axundovu ittiham edirlər. Bildirirlər ki, onları bu işə H.Axundov cəlb edib, pulların da bir qismini şəxsən ona veriblər.

Meydan.Tv