Elmar Vəliyevin oğlu istefa verib

Elmar Vəliyevin oğlu istefa verib

22-10-2018 18:12 / Bu xəbər 1580 dəfə oxundu

Elmir Vəliyev vəzifədən işlərinin çoxluğu səbəbindən getdiyini deyib

"Kəpəz” Peşəkar Futbol Klubu, idarə heyətinin sədri Elmir Vəliyevin tutduğu vəzifədən istefa verdiyini bildirib. 

Məlumata görə, o, bunu işlərinin çoxluğu ilə əlaqələndirib.

Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Elmir Vəliyev 2015-ci ilin may ayından "Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.

Elmir Vəliyev Gəncə İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin oğludur.

2018-ci il iyulun 3-də Elmar Vəliyevə qarşı silahlı hücum olub. Hücum nəticəsində xəsarət alan, Elmar Vəliyev bir müddət xaricdə müalicə olunub.

Hücumda şübhəli şəxs qismində, əslən gəncəli olan, Rusiyada yaşayan azəbaycanlı Yunis Səfərov saxlanılıb.

2018-ci il avqustun 28-də prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev tutduğu vəzifədən azad edilib və onun yerinə Niyazi Bayramov təyin edilib. 

"Kəpəz” futbol klubu 2016-2017-ci illər mövsümündə, səkkiz komandanın çıxış etdiyi Azərbaycan Premyer Liqasında sonuncu yeri tutaraq, birinci dəstəyə göndərilib.

Son iki ildə klubda çoxlu sayda yeyintilərin olması barədə mətbuatda bir sıra yazılar dərc edilib.