"Fidan" MTK ağacları kəsdi: nazirlik hərəkətə keçdi

14-07-2018 19:42 / Bu xəbər 1706 dəfə oxundu

Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Qaynarinfo ETSN-ə istinadən bildirir ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində yaş köküstə 8-40 sm diametrində 12 ədəd müxtəlif cinsli ağacın olduğu müəyyən olunub. Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib:

"Araşdırma zamanı torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün "Fidan” MTK- ya ayrıldığı məlum olub.

Mövcud vəziyyətlə bağlı şikayətçilərin iştirakı ilə qanunamüvafiq qaydada akt tərtib edilib və ərazidəki ağacların qorunub mühafizə olunması üçün "Fidan” MTK-ya icrası məcburi olan "məcburi göstəriş” verilib.

ETSN ağacların kəsilməsinin qarşısının alınmasında təşəbbüs göstərən vətəndaşlara və KİV-lərə təşəkkürünü bildirir, qabaqlayıcı tədbirlərin görülməsi üçün ictimaiyyət nümayəndələrindən dəstək gözləyir".