Göyçayda körpünün uçması ilə bağlı bir neçə sahibkar həbs edilib

Göyçayda körpünün uçması ilə bağlı bir neçə sahibkar həbs edilib

21-06-2018 17:18 / Bu xəbər 2339 dəfə oxundu

"Dövlətə 16 milyon manatdan çox ziyan vurulub''

Respublika Prokurorluğu Fövqəlarə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birgə iyunun 2-də Göyçay rayonununda körpünün dağılması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib. 

"Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluğda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmış, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib”, - rəsmi məlumatda deyilir.

Prokurorluq həmçinin bildirib ki, prezidentin tapşırığına əsasən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb.

"İstintaq araşdırmaları göstərib ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olmuş, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirmiş və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub. Konkret olaraq "Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevir şəhərində və Yevlax rayonunda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə rayonları ərazisində yerləşən 56 karxana isə 8 milyon manatdan çox ziyan vurub”.

Məlumatda qeyd olunub ki, hüquqazidd əməllərə yol verdiklərinə görə "ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, "Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, "Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, "Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətiimkan tədbiri seçilib. "Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və "Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

"Attinak” MMC, "Bayburt Qrup” Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.

Prokurorluğun yaydığı xəbərə görə, hazırda istintaqı aparılan cinayət işləri üzrə bütün təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

İyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. Güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.///meydan.tv