İlham Əliyevin fərmanı Rüfət Aslanlını "bitirdi"

İlham Əliyevin fərmanı Rüfət Aslanlını

05-10-2018 13:43 / Bu xəbər 436 dəfə oxundu

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. 

Bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Həmin Şuraya Rüfət Aslanlı rəhbərlik edirdi.

Direktorlar Şurasının ləğvi ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itiriblər.

Təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

İdarə Heyətinin rəhbəri İbrahim Alışovdur.

Prezident İlham Əliyevin Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi təsdiqlənib.

Nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir. Palata ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Palatanın fəaliyyətinin məqsədi maliyyə bazarları sahəsinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.

Palatanı idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

Palatanın nizamnamə fondu 5 000 000 manatdır. Palatanın ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
 
İstiqlal.az