Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Masallı sakini:

15-10-2018 18:00 / Bu xəbər 1601 dəfə oxundu

"Mən atamın evində xəstələnməmişəm axı''

"Hərbi xidmətdə xəstəlik tapdım. Amma dövlət mənə təqaüd ayırmır. İllərdir ailəmi zorla dolandırıram, çətinlik çəkirəm, görən yoxdur".

Masallının Qarğalıq kəndinin 31 yaşlı sakini Ramil Əliyev belə deyir. 

Onun sözlərinə görə, hərbi xidmətə 2005-ci ildə çağırılıb. Çətinliklə də olsa, bir il bir ay əsgərlik çəkib. Sonra ağır xəstələnib. Diaqonozu vərəm olub:

"Bundan sonra məni təxris etdilər, çünki ciyərlərim pis gündə idi. Beləliklə, 1 il bir aydan sonra təxris olundum. O vaxtdan bəri xəstəxanada qeydiyyatdayam. Ancaq təqaüd ala bilmirəm. Cəmi 5 ayım qalmışdı əsgərliyimin bitməsinə. Mən atamın evində xəstə düşməmişəm, dövlətin hərbi xidmətini çəkəndə olub. İndi niyə məni süründürür, niyə yardım etmirlər, anlamıram".

R. Əliyev deyir ki, xəstələnməsinə səbəb hərbi xidməti soyuq yerdə çəkməsidir:

"Murovda qulluq etmişəm. Qışı dəhşətli soyuq keçirdi. Zəif adamam, soyuqladı ciyərlərim, dözmədi".

Bir uşaq atası olan Ramil Əliyev deyir ki, valideynlərinin ümidinə qalıb:

"Bir övlad kimi mən işləyib atama-anama baxmalıyam. Amma tərsinədir, onlar mənə kömək edirlər. Kirayə qalıram, evim də yoxdur. Üstəlik, demək olar ki, mənə aid iş yoxdur. Olanların da hamısı ağırdır. Mənim o cür ağır işlərdə işləmək, tərləyib, xəstələnmək kimi bir şansım yoxdur. Xəstələnsəm, o dünyalıq olaram. Özümü qorumalıyam. Ancaq mən bu gün işləyib, özümə, ailəmə baxa bilmirəm. Vərəm də elə bir xəstəlikdir ki, heç vaxt tamamilə sağalmır. Həmişə ciyərlərdə nöqtə də olsa, qalır. Ondan sonra bir balaca soyuqlayan kimi də üzə çıxır, adamı pis günə qoyur. Özümü qorumalıyam, bəli, belə olanda da ailəmi dolandıra bilmirəm".


Ramil Əliyev deyir, illərdir müalicə alır. Ancaq əsgərlikdə yoluxduğu bu xəstəliyə görə dövlətdən pensiya ala bilmir:

"Dəfələrlə aidiyyatı qurumlara məktubla müraciət etmişəm. Səhiyyə Nazirliyində qəbulda da olmuşam. Yoxlayıblar, bəli, onlar bilirlər ki, mən əsgərlikdə tutmuşam bu xəstəliyi. Ancaq kömək etmək istəyən yoxdur. Ən son bizim mərkəzi xəstəxana dedi ki, sənin sənədlərini Bakıya, nazirliyə göndərmişik. İkinci dəfə necə olduğunu soruşanda nazirlikdən bildirdilər ki, guya təqaüd düşmür. Niyə düşmür? Mən atamın evində xəstələnməmişəm axı. Soyuqda, qarda, qışda, dağda qulluq etdiyim üçün bu vəziyyətdəyəm".

Şikayətçi deyir ki, bu gün heç sağlam adamlar da iş tapa bilmir:

"Kiçik yerdi, hamı bilir, kimsə işə də götürmək istəmir. Mən nə edim? Övladımı, ailəmi necə dolandırım? Dövlət əsgərliyə apara bilirdi, indi dəstək vermək bu qədər çətin olmamalıdır axı. Oğlum ikinci sinifdə oxuyur. Yaxşı təhsil vermək, ürəyim istədiyi kimi böyütmək istəyirəm. Alınmır, çətindir, imkanım çatmır. Mən çox şey istəmirəm. Əsgərlikdə sağlamlığımı itirmişəm, buna görə müəyyən kompensasiya, aylıq təqaüd ayırsınlar. Kirayə yaşayıram, məktəbli övladım var. Çətindir, çətinliklə yaşayıram".

Meydan TV məsələyə münasibət öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirlikdən məsələni araşdıracaqlarını söyləyiblər.///Meydan.tv