Məcburi köçkünlər Bakıda aksiya keçirib

Məcburi köçkünlər Bakıda aksiya keçirib

11-09-2018 16:45 / Bu xəbər 807 dəfə oxundu

Aksiya iştirakçıları mənzil problemlərinin həllini tələb ediblər

Bu gün səhər məcburi köçkünlərdən ibarət qrup Tbilisi prospektində nəqliyyatın hərəkətini dayandırıb.

"Turan” inormasiya agentliyinin məlumatına görə, etiraz köçkünlərin mənzil probleminin həll olunmaması ilə əlaqədar olub. Səhər onlar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısında toplaşıblar.

Lakin onları içəriyə bir-bir buraxıblar. Əsəbiləşmiş qaçqınlar məmurların davranışından hiddətlənməyə başlayıblar.

Qaçqınlardan biri öz avtomobilində yola çıxaraq mərkəz istiqamətində Tbilisi prospektini bağlayıb. Digər köçkünlər də onu dəstəkləyiblər. Polis əməkdaşları sürücüdən yolu açmağı tələb ediblər. O imtina etdikdə güclə maşından çıxarıb aparıblar.

Etiraz əlaməti olaraq qadın yolun ortasında dayanıb. Hadisə yerinə gələn çevik polis alayının əməkdaşları aksiya iştirakçılarını dağıdıblar.

"Bizim müvəqqəti yaşadığımız yeri 9 ay öncə söküblər. Bizə ancaq vəd verirlər. Biz mənzil istəyirik”, - aksiya iştirakçılarından biri deyib.

"Mənzil vermirlər, heç olmasa sığınacaq versinlər, başımızın üstündə dam olsun”, - qadın deyib.

Aksiyadan sonra məmurlar etirazçılarla söhbət ediblər. Yol 15 dəqiqəliyə bağlanıb, bu da bir kilometrdən uzun tıxacın yaranmasına səbəb olub.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Meydan TV-yə deyib ki, hər həftənin ikinci günü komitə sədrinin qəbul günüdür. Ona görə də həmin günlər komitəyə gələnlərin sayı çox olur. Amma əvvəlcədən qəbula yazılanlar sədrlə görüşür. Səhər hay-küy edən heç bir yerdə qeydiyyatda olmayan Ağdam rayonundan olan məcburi köçkündür. Bu adam ev istəyir, amma bu məsələ tezliklə həll olunmur, evlərin verilməsi mərhələli şəkildə həyata keçirilir.

İbrahim Mirzəyev həmin köçkünlə görüşdüyünü və problemlərini dinlədiyini söyləyib.