Məhkəmə jurnalistin ölkədən çıxışına qoyulan qadağanı götürməyib

Məhkəmə jurnalistin ölkədən çıxışına qoyulan qadağanı götürməyib

11-09-2018 16:27 / Bu xəbər 1990 dəfə oxundu

Şahvələd Çobanoğlu barəsində cinayət təqibinin aparıldığı bildirilib

Nəsimi Rayon Məhkəməsi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulmuş qadağanın ləğv edilməsi barədə müraciətini rədd edib.

Qərarı hakim Elman İsayevin sədrlik etdiyi məhkəmə heyəti sentyabrın 11-də qəbul edib.

Məhkəmədə Baş Prokurorluğun nümayəndəsi çıxış edib, jurnalistin çıxışına hansı səbələrdən qadağa qoyulması barədə onun özünə məktubla cavab göndərildiyini bildirib.

Prokurorluğun nümayəndəsi məhkəmədəki çıxışında Ş.Çobanoğlunun ölkədən çıxışına "stop” qoyulmasının qanuni olduğunu bildirirb. Onun sözlərinə görə, Baş Prokurorluqda açılmış "QHT işi” üzrə cinayət işinin istintaqı davam edir. Şahvələd Çobanoğlunun həmin cinayət işi və AzadlıqRadiosunun işi üzrə şahid qismində ifadəsi alınıb. Bundan əlavə, jurnalistin barəsində cinayət təqibi də aparılır. Prokurorlugun nümayəndəsi buna görə jurnalistin ölkədən çıxışına qadağa qoyulmasının qanuni olduğunu, məhkəmə qərarı olmadığından işə məhkəmə nəzarəti qaydasında baxılmalı olmadığını və şikayətin rədd edilməli olduğunu bildirib.

Jurnalistin vəkilləri isə bu işdə ölkədən çıxışa qadağa qoyulması üçün qanuni əsasların olmadığını, məhkəmədən şikayətin təmin edilməsini xahiş ediblər.
Ş.Çobanoğlu məhkəmədən sonra qərarla razı olmadıqlarını və yuxarı məhkəmə instansiyasıns şikayət edəcəklərini bildirib.

Ş.Çobanoğlu tənqidçi jurnalistdir. Müxtəlif vaxtlarda «7 gün», «Azərbaycan» qəzetlərinin müxbiri, «Hürriyyət», «Günaydın» qəzetlərinin baş redaktoru işləyib və başqa media orqanlarında çalışıb.