Mehriban Əliyevaya müraciət: "Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib"

Mehriban Əliyevaya müraciət:

21-09-2018 11:12 / Bu xəbər 4503 dəfə oxundu

Lerik rayon, Züvüç kənd sakini Əliyeva Raifə Ağaxan qızı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edib. 

Bu barədə Miq.az saytı məlumat yayıb. 
 
"Bir qızımı itirdim, ikinci qızımı da itirmək üzrəyəm"


Lerik sakini bildirir ki, bir qızını ağır xəstəlikdən itirib, eyni xəstəlikdən ikinci qızını da itirə bilər. O, xahiş edir ki, dövlət bu məsələni nəzarətə götürüb övladının müalicəsinə yardım etsin: "Hörmətli Mehriban xanım, mən, Lerik rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Raifə Ağaxan qızı ailə qurduqdan sonra 14.06.2002 tarixində iki qızım, 2006-cı ildə bir oğlum dünyaya göz açıb. Dərin təəssüf və hüzün hissiylə bildirirəm ki, 2015-ci ildə qızım Səadəti ürək genişlənməsi xəstəliyindən itirdim. Digər qızım Sevinc isə eyni xəstəlikdən əziyyət çəksə də, müalicəyə müsbət cavab verdi və ömrünü üç il uzada bildik. Lakin indi Sevincimin də vəziyyəti ağırlaşıb. Mərkəzi Klinikada qızıma ürək genişlənməsi diaqnozu təyin edildi və yalnız ürək köçürülməsi əməliyyatından sonra qızımın sağlam yaşayacağı bildirildi. Geniş araşdırmalarımız nəticəsində öyrəndik ki, ürək transportasiyası əməliyyatı üzrə dünyada 3-cü yerdə olan Belarusiya Kardiologiya İnstitutunda ölkəmizin bir sıra vətəndaşları əməliyyat olunub, təyin olunmuş donor ürəklə təmin olunduqdan sonra daimi müalicəylə bir neçə ildir ki, sağlam yaşayırlar. Biz təcili olaraq, Belarusiya Kardiologiya İnstitutu ilə əlaqə saxladıq, qızımın müayinə sənədlərini göndərdik. Sənədlərə baxış keçirdikdən sonra İnstitutun ürək cərrahiyyəsi üzrə ekspert həkimləri bildirdilər ki, Sevinc təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün 100 min ABŞ dolları tələb olunur (170 min AZN). Pul toplanmadıqca və İnstitutun bank hesabına köçmədikcə Belarusiya Kardiologiya İnstitutu xəstəni müayinəyə belə qəbul edə bilmir".
 
"Bu il imtahan verib, kollecə qəbul olunmuşdu, çox xoşbəxt idi"


"Mən bir qızını itirmiş, övlad itirmək əzabını yaşamış bir anayam. Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib. Lakin qalan gücümlə ailəm – yoldaşım, qızım və oğlum üçün nəfəs alır, yaşamağa çalışıram. Allaha çox dua edirəm ki, ikinci qızım – Sevincimi itirmək acısını mənə göstərməsin. İkinci qızımı itirmək düşüncəsi belə məni dəli edir, onu itirməyi göz önünə gətirə bilmirəm, axı qızım hələ yeniyetmədir, həyatının baharını yaşayır. Qızım Sevinc təhsilini davam etdirməyi çox arzulayırdı. Bu il imtahan verib, kollecə qəbul olunmuşdu. Çox xoşbəxt idi. Lakin xəstəliyi səbəbindən qızım tələbə yoldaşlarından geri qaldı, dərslərə qoşula bilmədi. Mən çox arzulayıram ki, qızım yenidən ayağa qalxsın və tələbə yoldaşları ilə birgə təhsilini davam etdirsin. Axı onun hələ yaşayacağı gözəl günlər var, onun arzuları, xəyalları var. Mən bir qızımla ürək yanğısı ilə vidalaşmışam, lakin Sevincimi də itirə bilmərəm, onun arzuları, xəyalları ilə vidalaşa bilmərəm. Sevincin əməliyyat olub, yenidən ailəmizin Sevinci olmasını arzulayıram və bunun üçün Sizin dəstəyinizə ehtiyacımız var", - Əliyeva Raifə deyir. 
 
"Cəmi 30 min manat toplamışıq"


O qeyd edir ki, ailəsinin və qohumlarının müalicə üçün topladığı vəsait yetərli deyil: "Biz ailəvi olaraq, bütün vəsaitlərimizi topladıq, dostlarımızdan, qohumlarımızdan kömək istədik və cəmisi 30 min AZN pul toplaya bilmişik. Bundan əlavə, vəsatin toplanması üçün bank hesabı açaraq, ictimaiyyətə müraciətlər göndərmişik, kampaniyalar yaratmışıq. Lakin bunun yetərsiz olduğunu gördüyüm üçün Sizdən xahiş edirəm ki, vəsaitin toplanmasında bizə öz maddi və mənəvi dəstəyinizi göstərəsiniz". 
 
"Ailəmizin çırağının sönməsinə imkan verməyin"


"Siz dəfələrlə xeyirxah əməllər göstərərək ölkəmizin insanlarına nümunə olmusunuz, insanların həyatına, ailəsinə çıraq yandırmısınız. Bu gün mən də o insanlardan biri olaraq, Sizin dəstəyinizə ehtiyac duyuram. Mən inanıram ki, ölkəmizin birinci xanımı bizim ailəmizin çırağının sönməsinə yol verməyəcək, bizə dəstək olacaq. Bir daha Sizdən xahiş edirəm ki, vəsaitin toplanmasında bizə öz maddi və mənəvi dəstəyinizi göstərəsiniz. Öncədən təşəkkürümü bildirirəm", - Lerik sakini bildirir. 

R. Əliyeva ümid edir ki, dövlət onun ikinci övladının həyatını itirməsinə imkan verməyəcək və bu məsələ dövlətin nəzarətinə götürüləcək.