MSK 2 qanunu birdən pozur?
19-04-2018 13:27 / Bu xəbər 2110 dəfə oxundu
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sorğusunu cavablamaqdan imtina edib.
Qurumun Prezidentliyə qeydə alınmış namizədlərin mülkiyyət və gəlirləri ilə bağlı informasiya sorğusuna cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsi ilə müəyyən edilmiş, seçki sənədlərinin və bu sənədlərdə olan məlumatların dərc edilməsi və informasiya sorğusu əsasında verilməsi nəzərdə tutulmayıb.
Seçki məsələləri üzrə ekspert Akif Qurbanov Toplum.Tv-yə deyir ki, Seçki Məcəlləsi namizədlərin gəlir və əmlakları barədə məlumatların dərcini MSK-ya birbaşa vəzifə kimi müəyyən etməsə də, namizədlərlə bağlı məlumatların ictimaiyyətə açıqlanması şəffaflığın təmini baxımından zəruridir: "Eyni zamanda seçki iştirak edən tərəflər, müşahidəçilər, kütləvi informasiya vasitələri namizədlər və ya seçki prosesi haqda istənilən məlumatı əldə etmək hüququna sahibdir”.
A. Qurbanov həmçinin MSK-nın "İnformasiya əldə etmək haqqında” Qanunun tələblərini də pozduğunu deyir: "İstənilən vətəndaş, media və ya təşkilat istənilən dövlət orqanına informasiya sorğusu ilə müraciət edə bilər. Əgər bu informasiya gizli informasiya kateqoriyasına daxil deyilsə, həmin orqan informasiya sorğusuna cavab verməlidir. Sorğudakı məlumat ictimai yükü olan və şəffaflığın təminatına yönələn açıq informasiyadır. Bu informasiyanın sorğu göndərən tərəfə verilməsi MSK-nın borcudur”.
Onun sözlərinə görə, MSK Seçki Məcəlləsinin sadəcə 58-ci maddəsini bəhanə gətirməklə, həm "İnformasiya əldə etmək haqda” Qanunu, həm də Seçki Məcəlləsinin digər tələblərini pozur.
Seçki Məcəlləsinə görə, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur.
Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir.
Məcəllənin 58.3 maddəsinin tələblərinə görə əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını MSK müəyyənləşdirməlidir. Lakin seçki dönəmində və sonra da bu məlumatlar dərc olunmayıb.
İzzətxanım Cabarlı