"Nemət Pənahlıdan Lex Valensa düzəltmək fikrindəydim, alınmadı" - İsa Qəmbər

09-01-2018 12:31 / Bu xəbər 3515 dəfə oxundu

İsa Qəmbər
MSDM sədri
 
(1-ci 2-ci yazıları bu linkdən oxuya bilərsiniz)
 
8 yanvar 1990

AXC-nin Məclis sessiyası.

Mətləbə keçməzdən əvvəl qeyd edim ki, gözlənilidiyi kimi son günlər yazdıqlarım kifayət qədər maraq doğurub. Hadisələrin bilavasitə iştirakçıları da, yaxın tariximizlə maraqlananlar da fb-də və saytlarda şərhlər yazırlar, əsasən yazdıqlarımı təsdiq edirlər, bəzən əlavələr edirlər, bəzən nəyisə dəqiqləşdirməyi xahiş edirlər. Əksəriyyət mövzunun çox maraqlı olduğunu və davam etdirilməsini istəyirlər.

AXC İH-nin o zamankı üzvlərindən də şərh edənlər var. Sağ olsunlar, Hikmət Hacızadə və Nemət Pənahlı da rəy bildiriblər və faktiki olaraq dediklərimi təsdiq ediblər. Xüsusən Nemət Pənahlıya təşəkkür edirəm. 

Mən yazarkən hər bir ifadəmi diqqətlə seçirəm, həqiqəti yazmaq azdır, həm də başqa mövqelərdə olanların mənliyinə, heysiyyətinə toxunmamağa çalışıram. Nemət Pənahlı isə özünəməxsus səmimiyyətlə "radikalların” mövqeyini tam açıb ortaya qoyub. Təbii, hər zaman olduğu kimi yalan-palan danışmaqdan da özünü saxlamayıb. Məsələn, deyir: "AXC-nin Təşəbbüs Qrupuna adım Əbülfəz bəy tərəfindən salınmışdı”.

Belə deyil, etiraf edim ki, N.Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim, alınmadı.

Beləliklə, 8 yanvar 1990-cı il... AXC Məsclisinin sessiyası. Toplantıda iştirak etmədiyim üçün bu yazım daha qısa olacaq. Bir etiraf da edim ki, erməni təbliğatı və təcavüzə hazırlığı 1988-ci ilin fevralında birbaşa hərəkətə keçdiyi gündən sonra 1990-cı ilin 8 yanvarı həyatımda ən sakit və rahat günlərdən biri oldu. Evdə idim, heç yerə çıxmadım, istirahət etdim. 
Doğrusu, məclisdə nə baş verdiyi ilə də xüsusi maraqlanmadım. Düşünürdüm ki, İH-nə namizədliyimizi verməmişik, bizi seçməyəcəklər. Artıq xalq hərəkatına rəhbərlik edən AXC-nin sıravi üzvü olacam və tarixi qərarlara görə də məsuliyyət daşımayacam. 

Fikirləşirdim ki, bir neçə gündən sonra dostlarla görüşərəm, qurmaq istədiyimiz təşkilat barədə məsləhətləşmələri davam etdirərik. Hesab edirdim ki, quraçağımız təşkilat AXC-yə alternativ və ya rəqib olmamalıdır. 

Sadəcə, Əbülfəz bəylə hər zaman danışdığımız kimi Azərbaycanda çoxpartiyalı plüralist demokratik cəmiyyət olacaq, bizim partiya da ictimai-siyasi məkanda öz yerini tutacaq. 
Amma necə deyərlər, sən saydığnı say, gör fələk nə sayır...

Dediyim kimi Məclisin işində iştirak etmədiyim üçün şahid ifadələrinə əsaslanacam. Dövrün salnaməçisi Ədalət Tahirzadə də məclis barədə çox qısa yazıb, çünki Məclis qapalı keçirilmişdi və o da orda iştirak etməmişdi.

Ə.Tahirzadə yazır:

”8 yanvar 1990. 
Dünən konfransda yaradılmış AXC-nin yeni Məclisi bu gün Cəbhənin öz qərargahında yığışaraq 14 nəfərlik yeni İdarə Heyətini seçib. Üzvləri bunlardır: 
Arif Paşayev, Vurğun Əyyubov, Dilarə Əliyeva, Etibar Məmmədov, Kərbəlayı Əlikram Əliyev, İsa Qəmbərov, Yusif Səmədoğlu, Pənah Hüseynov, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Firidun Səməndərov,Hikmət Hacızadə.

İkinci mərtəbədə Məclisin yığışdığı böyük iclas zalı bizim "Azadlıq” qəzeti yerləşən mərtəbədə və lap qonşuluğumuzda olduğu üçün tez-tez baş çəkib yeni məlumatlar toplayırdıq. Buraya "əsl”cəbhəçilərdən başqa kənar adamları buraxmırdılar, ona görə də "öz” jurnalistlərimizdən savayı bura qalxanlar az idi. Məclisin gedişi ilə maraqlananlar içərisində Neməti də gördüm — seçilmədiyini biləndə yaman pərt olmuşdu”.

Axşam hardasa saat 11-də ev telfonuma zəng gəldi. (Ev telefonu yazıb güldüm, başqa hara zəng gələsiydi, mobil telefon yox idi ki, o zamanlar. Gənclər, görürsünüz də, necə ağır şəraitdə yaşayıb çalışmışıq))). 

Zəng edən Fəzail Ağamalı idi. O da məclisin üzvü idi və sessiyada iştirak etmişdi. Fəzail müəllim məni təbrik etdi, dedi ki, ən yüksək səslə İH-nə seçilmişəm. Doğrusu təəccübləndim, dedim ki, necə yəni seçiblər, axı mən namizədliyimi irəli sürməmişəm və heç kimə belə bir səlahiyyət verməmişəm. Dedi ki, Məclisin qərarı belə oldu. Sonra da Ə.Tahirzadənin qeydlərində adı çəkilən hər kəsin neçə səslə seçildiyini, seçilməyənlərin də neçə səslə İH-dən kənarda qaldığını bir-bir diktə etdi, mən də kağız-qələm götürüb qeydiyyat apardım. F.Ağamalı özünün də namizəd olduğunu, amma seçilmədiyini qeyd etdi.

Bu zəngdən 30-40 dəqiqə sonra Pənah Hüseyn və Arif Hacılı bizə evə gəldilər. Məclisin nəticələrindən xəbərdar olduğumu bilib bu dəfə onlar təəccübləndi. Fəzail Ağamalının zəngini deyəndə güldülər və onun Məclisə rəhbərlik etmək cəhdinin qarşısının necə alındığını danışdılar. Ətraflı söhbət etdik. Pənah bəy və Arif bəy konfrans iştirakçılarının əksəriyyətinin bölgələrə geri döndüyünü, "radikallar” və qaragüruhun yenə toplantıda qarışıqlıq yaradıb məqsədlərinə nail olmağa çalışdıqlarını, aparıcı məclis üzvlərinin böyük səyləri və iki saatlıq mübarizədən sonra zalda yalnız məclis üzvlərinin qalmasına nail olduqlarını, Məclis sədrliyinə Tamerlan Qarayevin seçilməsini və onun toplantını Nizamnaməyə və demokaritik prosedurlara uyğun aparmağa çalışdığını, keyfiyyətli gizli səsvermə keçirildiyini, AXC-dən ayrıldıqlarını bəyan etmiş solların (Z.Əlizadə, L.Yunus, Ə.Hümbətov) ümumi konsensusla namizəd siyahısına daxil edilmədiyini, "liberalların” və ”radikalların” namizəd siyahısına daxil edildiyini, bizdən Canbaxış Umudovun, onlardan Nemət Pənahlının seçilmədiyini və bir çox başqa təfərrüatı danışdılar.

Yaxın gələcəklə bağlı əsas mövzuları da müzakirə etdik. 

Mənim üçün aydın olan həm də bu idi ki, "istirahətim” bir günlük imiş, həyat və mübarizə isə davam edəcək. 

İH-nin yeni heyəti barədə bir neçə kəlmə deyim. Biz 6 nəfərlə yenə də İH-də aparıcı qüvvə olaraq qaldıq. Yeni seçilənlərdən Sabir Rüstəmxanlı, Dilarə Əliyeva, Vurğun Əyyubov və Firidun Səməndərov kifayət qədər tanınmış ziyalılar idi. Sonradan da təsdiq olunacağı kimi onların hər biri öz xarakteri, öz dünyagörüşü ilə fərqlənsələr də müzakirəyə açıq, öz mövqelərini arqumentli şəkildə təqdim etməyi bacaran, başqalarının da mövqeyinə, arqumentlərinə diqqət və hörmətlə yanaşmağı bacaran təcrübəli insanlar idi. Arif Paşayev AXC özünümüdafiə batalyonlarının ən nüfuzlu təmsilçilərindən biri idi, əsasən bölgədə öz bilavasitə fəaliyyət sahəsi ilə məşğul olacaqdı. Cəmiyyətdə tədricən təşkilatlanmağa başlayan islamçıların nümayəndəsi kimi İH-də olmağın qürurunu yaşayan Kərbəlayı Əlikram Əliyev isə bizim hamımızla yaxşı münasibətlərə malik idi və kifayət qədər məsuliyyətli və konstruktiv fəaliyyət göstərəcəkdi. 

Bu heyət 1991-in yayına – AXC-nin l qurultayına qədər fəaliyyət göstərəcək, əlindən gələni edəcəkdi.

"Radikallar”ın iki nümayəndəsi isə lll Konfransdan və Məclisin sessiyasından sonra əslində yalnız formal olaraq AXC üzvü kimi fəaliyyət göstərdilər. Onlar artıq öz yollarını ayırmışdılar...

20 yanvara qədər daha bir neçə yazım olacaq.

Yazı İsa Qəmbərin feysbuk səhifəsindən götürülüb.