Paşinyan: İlham Əliyevin oğlu Bakıda xidmət göstərir (YENİLƏNİB)

Paşinyan: İlham Əliyevin oğlu Bakıda xidmət göstərir (YENİLƏNİB)

17-09-2018 16:12 / Bu xəbər 3232 dəfə oxundu

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Ermənistanın Baş nazirinin sözlərini cəfəng adlandırıb.

A.Qasımovun "Azərtac” agentliyində yayılan bəyanatında bildirilir ki, Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq qarışır.

"Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq.

Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi”.

Paşinyanın oğlunun hərbi xidmət keçməsinə toxunan A.Qasımov qeyd edib ki, məlumata görə, o, təmas xəttindən təxminən 50 kilometr məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada, əsasən, məişət məsələləri ilə məşğuldur.

"Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil”.

***

Paşinyan İlham Əliyevin oğlunun əsgər getməsinə reaksiya verib.

Ermənistanın Baş naziri Nikol Pashinyan Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin əsgər getməsinə reaksiya verib. 

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Paşinyan bunu mühüm hadisə hesab edib.

Sentyabrın 16-da Yerevanda çıxış edərkən N.Paşinyan bildirib ki, ictimai fikrin hakimiyyət tərəfindən idarə olunmasına baxmayaraq cəmiyyətdə belə bir sual vardı: Necə olur ki, Ermənistanın baş nazirinin oğlu əsgər gedir, lakin, Azərbaycan prezidentinin oğlu hələ də əsgər getməyib?

"Oğlunun əsgər getməyi mühüm hadisədir. Lakin, İlham Əliyevin oğlu Bakıda xidmət göstərir”

O, öz oğlundan misal çəkib deyir ki, iki ay əvvəl oğlu könüllü olaraq cəbhə xəttinə xidmət etməyə yollanıb.

Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

And içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də var.

Mərasimdə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.