Paşinyan: "İlham Əliyevlə razılığa gəldik ki..."

Paşinyan:

29-09-2018 22:23 / Bu xəbər 1943 dəfə oxundu

"Ötən gecə mənim Baş nazir seçildiyim gündən bəri ən sakit gecə idi”

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 28-də "Facebook” sosial şəbəkəsi vasitəsilə canlı yayımda Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azəbaycan prezidenti lham Əliyevlə söhbəti barədə danışıb.

Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, N.Paşinyan deyib ki, bir sıra razılıqlar əldə edilib. Baş nazir xatırladıb ki, onları Rusiyada keçirilən futbol üzrə Dünya çempionatı zamanı bu ölkənin prezidenti Vladimir Putin tanış edib və sonra heç bir ünsiyyətləri olmayıb:

"Əliyevlə söhbətimiz qeyri-formal xarakter daşıyırdı və ilk dəfə idi. Razılığa gəldik ki, müdafiə nazirlərinə cəbhədə gərginliyi azaltmaq və toqquşmaların qarşısını almaq üçün konkret addımlar atmaq barədə tapşırıqlar verək. Deyə bilərəm ki, bütün təmas xətti boyunca atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün tədbilər görüldü. Mən bu barədə hərbi qüvvələrə artıq əmr vermişəm və şadam ki, ötən gecə mənim Baş nazir seçildiyim gündən bəri ən sakit gecə idi”.

Baş nazir onu da deyib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə sadiq qaldıqlarını bildiriblər.

Vacib məqamlardan biri ki, Paşinyan operativ əlaqə kanallarının yaradılması barədə razılığın əldə edilməsini qeyd edib:

"Bu, hələlik razılıqdır. Texniki cəhətdən bunun necə həyata keçəcəyi barədə məsələni həll etməmişik. Biz yalnız müvafiq orqanlara operativ əlaqə üçün sistem yaratmağı tapşırmaq barədə razılığa gəlmişik. Biz atəşkəs rejiminin pozulmasını istəmiriksə, belə bir kanalımız olmalıdır”.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında görüş haqqında deyilir ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər: "Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar".