Prezident Adminstrasiyası qarşısında "təkər aksiyası" - FOTOLAR

Prezident Adminstrasiyası qarşısında

15-01-2018 20:00 / Bu xəbər 4496 dəfə oxundu

Xaricdən işlənmiş təkər gətirib satan sahibkarlar etiraz ediblər. 

Toplum.TV xəbər verir ki, bu gün, yanvarın 15-də "8-ci kilometr bazarı"nda çalışan 200-ə yaxın sahibkar Prezident Administrasiyası (PA) qarşısına toplaşıb. 

Onlar işlənmiş təkərlərə qoyulan dövlət rüsumunun artırılımasına etiraz ediblər.
 
Sahibkarların sözlərinə görə, indiyədək bir kantern üçün 17500-18000 manat ödəyirdilərsə, bundan sonra 44-46 min manat ödəməlidirlər. 

Yanvarın 1-dən gətirdikləri məhsulları gömrükdə saxlanılan etirazçılar deyirlər ki, onlar buna görə hər gün 150 dollar ödəməli olurlar: "Biz Almaniyadan işlənmiş təkərlər gətirib satırıq. Bu gün 8-ci kilometrdə yüzlərlə sahibkar gömrük rüsumlarının qaldırılmasından narazıdır. Burada hər kəsin banka borcu var. Pul götürüb xaricdən təkər gətiririk, indiki qiymətə satırıq. Əgər bu günə qədər bir təkər üçün təxminən 3 dollar rüsum ödəyirdiksə, bundan sonra 10 dollar ödəməliyik. Bu isə heç kimi qane etmir". 

"Almaniyadan dünyanın çox ölkəsinə işlənmiş təkər gətirib satırlar. Yalnız bizdə belə bir problem var. Biz o təkərkləri 30-50 manat arasında satırdıq, indiki şərtlər altında işlənmiş təkərləri 120-150 manata satmalıyıq. Bunu isə kimsə alan deyil", - deyə etirazçılar bildirir. 

Bu günə qədər bir neçə dəfə etiraz edən satıcılar deyir ki, onların şikayətinə diqqət edən yoxdur: "Ölkə başçısı çıxışında dəfələrlə sahibkarları incitməməyi məmurlara tapşırıb. 
 
Amma bizləri incidirlər. Burada işləyənlər ildə 150-200 min manat dövlətə rüsum verir. Ümumilikdə, ildə burada işləyən sahibkarlar dövlətə 50-60 milyon manat xeyir verir. Niyə bunun qarşısını alırlar?".

"Gömrük rüsumu 15-16 min manat olan konternin indi qiyməti 45-46 min manat olub. Üç dəfədən çox qiymətlər qaldırılıb. Bu qədər qiymət artımı olar? Qiymət artar 10-15 faiz, daha üç dəfə yox", - deyə sahibkar Amil Həsənov deyir.