Qiyas İbrahimovun həbs müddəti artırıldı, atası cəzalandırıldı

Qiyas İbrahimovun həbs müddəti artırıldı, atası cəzalandırıldı

18-12-2017 12:29 / Bu xəbər 1912 dəfə oxundu

Keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazdıqdan sonra narkotik ittihamı ilə 10 il cəza almış gənc fəal Qiyas İbrahimovun atası da cəzalandırıldı. 

Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu haqda hökm çıxarıb.

Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyasın da 10 illik cəzası daha 3 ay artırılıb.

Onlar Qiyas haqqında 10 illik hökmdən şikayətə baxan və onu qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əmir Bayramov və Əflatun Qasımova hörmətsizlikdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib. Bu maddədə 500 manata qədər cərimə, iki ilədək islah işləri və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, hökm qanunsuz və əsassızdır, apellyasiya şikayəti veriləcək.

NİDA Vətəndaş Hərəkatının üzvü olan Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotikdə ittiham ediliblər. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək» yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.///azadliq.org