Rüfət Aslanlının avtomobil kolleksiyası (FOTOLAR)

Rüfət Aslanlının avtomobil kolleksiyası (FOTOLAR)

22-10-2018 00:19 / Bu xəbər 3308 dəfə oxundu

Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir.

Bu barədə hökumətyönlü Virtualaz.org məlumat yayıb.

Sayt yazır ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

Bir neçə gün əvvəl Rüfət Aslanlının göy sportkar-da işə necə getdiyinin əks olunduğu video yayılmışdı. Bildirilirdi ki, 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. 

Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus "Tədarük” MMC-nin adına sənədləşdirilib.

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

Məlumatda deyilir ki, Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb.Onun şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) "Bakı fond birjası” Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. 

Daha iki şəxsi avtomobili – qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə "təhkim edib”.

BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik "Ş İnşaat”-ın adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Banka sahib olarkən, Rüfət Aslanlı elə bir struktura başçılıq edirdi ki, onun vəzifəsi maliyyə sahəsində münasibətləri nizama salmaq və həmçinin, banklar üçün bərabər rəqabət şəraiti təmin etmək idi.

İndiyə qədər işdən uzaqlaşdırılan məmurların milyonluq obyektləri, villaları, maşın kolleksiyaları və ölkədən çıxardıqları böyük miqdarda pul vəsaitləri barədə dəfələrlə məlumat yayılıb.