Tamaşanın üçüncü pərdəsi

Tamaşanın üçüncü pərdəsi

21-10-2018 22:29 / Bu xəbər 2825 dəfə oxundu

Nabatəli Qulamoğlu

Tamaşanın üçüncü pərdəsi: bu dəfə Təhsil Nazirliyində...

Deyirlər, ağıllı adamlar ürəyindən keçənləri gizli saxlayırlar. Bəzən elə anlar olur ki, ürəyindəkiləri demədiyin üçün dəli olub çöllərə düşürsən. Eşidəndə filankəslə bəhmənkəs nişanlanıb, dərhal içimdə bir sual yaranır: ”Görəsən, bu nişanın siyasi mümkünlüyü hansı səviyyədədir?”

Yəqin ki, məni başa düşdünüz, siyasi həyatımızın təhsilə vurduğu ağır zərbələrdən söhbət gedir. 2016-cı ildə keçmiş nazir Mikayıl Cabbarov  müəllim kadrların sağlamlaşdırılmasında tətbiq etdiyi metodu direktorlar üçün də sınaqdan keçirmək istədi. Hamımız böyük ümid bəslədik, amma alınmadı. 

Daha doğrusu, icra başçıları naziri yerində oturda bildilər. Onlar istədiyi adamları direktor vəzifəsində saxladılar. Çəkinmədən bildirdilər ki, seçkini etibar edə biləcəkləri direktorlar  lazımdır. Nazir ağ bayraq qaldırdı. 54 bal toplayan namizəd kənarda qaldı, 10 bal toplaya bilməyən isə direktor təyin edildi. Hətta Prezidentin iştirak etdiyi Nazirlər Kabinetinin  iclasında Cabbarov bunu etiraf da etdi. 

O dedi ki, icra başçılarının rəyni nəzərə almaqla yeni direktorlar təyin etmişdir. Bu qələbə icra başçılarını daha da ruhlandırdı. Məhz onların təzyiqi nəticəsidə keçmiş nazir 2017-ci ildə direktorların işə qəbulu ilə bağlı 03.03.2017-ci il tarixli 126 nömrəli əmr imzaladı. 

Əmr azad şəkildə direktorluğa namizəd olmaq istəyən şəxslərin qarşısını kəsdi. Belə ki, əmrin 3.4- cü bəndində yazılırdı: ”Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir”. 

Bir sözlə, kimin direktor təyin edilməsini yerli təhsil şöbə müdirlərinə həvalə etdilər. Biz də çörəyi qulağımıza yemirik, təhsil şöbə müdirlərini rəsmi şəkildə icra başçıları təyin edir. İndi dialektika hasil oldu: yenə də icra başçıları.

Bəs sonra? Sonrası daha fəna oldu. Ceyhun Bayramov yeni nazir təyin edildikdən sonra direktorların özbaşınalığı pik həddə çatdı, onlar Təhsil Nazirliyinə məhəl qoymadan məktəbdə bazar açdılar. Sosial şəbəkələr şikayətdolu yazılarla yükləndi. Bizim təkidlərimizə baxmayaraq, nazirliyin heç bir əməkdaşı  reaksiya vermədi. Çoxları yeni naziri günahlandırdı. Amma bu, belə deyildi.  Problem məhz məktəbə nəzarətin qeyri-rəsmi olaraq icra başçılarına verilməsi ilə bağlı idi. 

Ədalət naminə deyək ki, Cabbarov nazir olduğu zaman bütün əmrlər Ceyhun Bayramov tərəfindən yerinə yetirilirdi. Bəs indi  nə baş  verdi? Biz yeni naziri baş verənlərə yalnız susduğu üçün ittiham edə bilərik. Aydın məsələdir, o hələ heç kreslosunu qızdırmayıb. 

Bu il artıq yenə də direktorluğa qəbul üçün nazir əmr imzalayıb. Bu dəfə  tamaşanın üçüncü pərdəsidir...

Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli F-716 nömrəli əmrində əvvəlki ildə verilmiş 3.4. maddəsi çıxarlmışdır. Yalnız güman etmək olar ki, yuxarıda (dağ təpəliklərini nəzərdə tutmuram) 2017-ci ildə verilmiş mürtəce əmrin təhsil həyatında oynadığı mənfi rolu və ictimaiyyətin  adekvat reaksiyasını  anlamışlar. Digər tərəfdən, qarşıda əhəmiyyətli seçkilər yoxdur. Vallah, məndən olsa, ümumiyyətlə seçki institutunu ləğv etmək lazımdır. Onun təhsilə vurduğu  ziyan ona çəkilən maliyyənin miqdarından da çoxdur.
 
Özünə güvənən bir çox müəllimlər 2016- cı ildə dirrektorluğa namizəd oldular, yüksək ballar topladıar, lakin xəyal qırıqlığına uğradılar. İmam üçdən deyib. Dostlar, maneə aradan götürülüb. 

Azad şəkildə direktorluğa işə qəbul olmaqdan ötrü sənədlərinizi verin.  

Tamaşanın üçüncü pərdəsini də yoxlayaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.