"Toloşon sado" qəzetinin redaktoru saxlanıb

12-06-2018 19:00 / Bu xəbər 2867 dəfə oxundu

Bu gün, iyunun 12-də "Toloşon sado" (Talışların səsi) qəzetinin redaktoru Rafiq Cəlilovun saxlandığı bildirilir.

Yaxınlarının AzadlıqRadiosuna deməsinə görə, onun maşını saxlanıb.

"Maşından çoxlu sayda onun rəhbərlik etdiyi qəzetin nüsxələri çıxıb. Bundan sonra onu Lənkəran Rayon Polis Şöbəsinə aparıblar", - deyə yaxınları vurğulayıb.

Polisdə saxlanmasını R.Cəlilov da təsdiq edib. Ancaq geniş danışa bilməyib: "Hazırda polis şöbəsindəyəm. Satış üçün Lənkərana gətirdiyim "Toloşon sado" qəzetini əlimdən alıblar. Bilinmir müsadirə edəcəklər, ya yox? Hələ mənə bir söz deməyiblər".

Məsələyə Lənkəran Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.