Zığda yenə su tələbi...

Zığda yenə su tələbi...

09-07-2018 14:02 / Bu xəbər 1852 dəfə oxundu

Hər gün kəndə gələn su maşını əhalinin suya olan tələbatını ödənmir

"Kəndə su maşını daxil olan kimi hamı su qablarını götürüb cumur. O maşının ətrafında hər gün uzun-uzadı növbələr yaranır. Adamlar bir ovuc suya həsrət qalıb”. 
Qızmar yayın ortasında Bakının Zığ kəndində yenə ənənəvi su problemi yaşanır. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, 1 aya yaxındır kənddəki su xətləri quruyub. Daha dəqiqi, 4-5 gündən bir su xətləri ilə zəif su axır, o da gəlib su kranlarına çatmır, çatanda da heç bir tələbatı ödəmir. Əhalinin ümidi kəndə gündəlik su daşıyan su maşınlarına qalıb.

Bir qab suya görə...

Kənd sakini Bahadur Salahov danışır:

"Bir də görürsən səs-küy düşür ki, su maşını gəldi, bahoo, gəl qırğına tamaşa elə... Hamı su qablarını götürüb qaçır maşının üstünə... Üzük qaşı kimi dövrəyə alırlar, Hamı az qala bir-birini tapdalayır, əzir ki, birdən su çatmaz. Bir də görürsən kiminsə ürəyi getdi... Adamlar bir qab suya görə bir-birləri ilə üz-göz olur, səhər də dükanda-bazarda qarşılaşanda xəcalət çəkirlər. Axı müsəlmanlıqdı, olmaz belə şeylər... Əhalinin suyunu niyə kəsir bu hökumət? O məmurları salasan bir otağa, bir içim suya həsrət qoyasan, görəsən, neçə saat dözərlər?”

Əvvəlki illərlə müqayisədə maşından alınan suyun qiyməti bahalaşıb. Məsələn, bir su çənini doldurmaq üçün azı 20, çoxu 60-80 manat ödəmək lazımdır. Qiymətlər su çəninin tutumuna görə dəyişir. Kənd sakini Fürus İsgəndərov deyir, kənddə əhalinin sosial durumu dözülməzdir, bir də üzərinə supulu dərdi əlavə olunub.

Çörəyi nisyə yeyən əhali suyu necə alsın?

"Camaat çörəyi alır, pulunu nisyə dəftərinə yazdırır. Kəndin yarısından çoxu işsizdir. Son 1-2 ildə işsizlik son həddə çatıb. Belə vaxtda da su, qaz, işıq ödəmələri adamların axırına çıxır. Bu dəqiqə ən çox xərcimiz suya çıxır. 4-5 üzvü olan ailədə yay vaxtı su çənini heç olmasa həftədə iki dəfə doldurmaq lazımdı. Ən kiçik tutumlu çəni su ilə doldurmaq 20 manata başa gəlir. Bu da həftədə 40 manat eləyir. 40 manatı da 4 həftəyə vur. Mən hələ iritutumlu su çənlərindən danışmıram. Hökumət hara baxır?... Çıxırıq, etiraz edirik, adımızı təxribatçı qoyurlar. Axı biz də yorulmuşuq, nə qədər çıxıb gah qaza, gah yol, gah işığa, gah suya görə küçədə qışqırasan... Yayın istisində tərimizi yumağa bir ovuc su tapmırıq. Adam lap özü-özündən utanır”, - Fürus İsgəndərov deyir.

2015-ci ildə Dövlət Proqramı əsasında Zığ qəsəbəsində içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilib. Əhaliyə bununla da Zığdakı 23 illik su problemi kökündən həll olunacağı bildirilib. Lakin qəsəbədə hələ də layihədən kənarda qalan ərazilər var.

Layihədən sonra qəsəbədə "köhnə hamam, köhnə tas”dır

"Yeni şəbəkə qəsəbənin bir qismini təmin edir. Digər hissəsində su və kanalizasiya sistemi hələ də uzun illər əvvəl əhalinin öz hesabına çəkdiyi xətlərdən ibarətdir. Çoxdan çürüyüb və nəticədə tez-tez küçələr çirkab sularla dolur. Su əvvəllər fasilələrlə verilirdisə, bir aya yaxındır qəhətə çıxıb”.

Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, son günlər Mingəçevir İES-də baş verən qəzalar səbəbindən Bakı və Bakıətrafı qəsəbələrdə suyun verilişində fasilələr yaranıb. Lakin problem həll olunub: "Ondan əvvəl Zığın su təminatı normal olub. Fasilələr yaranmışdı, o da aradan qaldırılıb. Ola bilsin bəzi ərazilərlə su qıtlığının başqa səbəbi var, bunu da müvafiq qurumlarla aydınlaşdırmaq lazımdır”.

Qurumdan bildirilib ki, yaranmış su qıtlığının araşdırılması üçün "Azərsu” ASC-yə müraciət olunacaq.